“Bölgələrdə kitab mağazaları, kitabxanalar olduqca azdır”

Bu gündən Gəncədə “Azərbaycan Nəşriyyatları”İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti,Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisinə start verilir. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil olunan sərgi“Nizami Gəncəvi ili”nə həsr olunub. 

Burda ölkənin 30-dan artıq nəşriyyatının və 10-dan çox kitab evinin iştirakı nəzərdə tutulub. Kitablara 50 faizədək endirim tətbiq olunacaq sərgidə, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar,imza mərasimləri, şeir gecələri,uşaqlar üçün nağıl saatları təşkil olunacaq və bədii proqramlar keçiriləcək. Sərgi noyabrın 28-də başa çatacaq.

 Maraqlıdır,bölgələrdə təşkil olunan bu cür tədbirlər nə kimi önəm daşıyır?Bu barədə "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a danışıb.O,ölkəmizdə  kitablara verilən önəmin son on ildə olduqca aşağı səviyyəyə enmiş olduğunu, indi isə yavaş-yavaş bu sahənin canlandığı söyləyib:

 “Artıq adamlar kitabların nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayırlar. Bakıda kitab sərgilərinin olmasına öyrəşmişik. Amma bölgələrdə bu cür tədbirlərin keçirilməsi o qədər də çox rast gəlinən hal deyil. Bu, böyük əhəmiyyətə malikdir. Xüsusilə də Nizami ilində Gəncədə  belə bir sərginin keçirilməsi alqışalayiq addımdır. Gəncə Azərbaycanın ürəyidir. Ümumiyyətlə, Qərb bölgəsi kitabsevərdir”. 

E.Şıxılı hazırda bölgələrdə kitab mağazalarının, kitabxanaların sayının olduqca az olduğunu vurğulayıb: 

“Onların sayını artırmaq lazımdır. Bu zaman insanlar da kitablara daha çox meyl edər. Kitab bilikdir. Bilik də bizm gələcəyimizin işıq mənbəyidir”.

Baş yazar sonda belə tədbirlərin keçirilməsinin cəmiyyətimiz üçün olduqca önəmli olduğunu da diqqətə çatdırıb.