Azərbaycan və Ermənistan XİN başçılarının görüşü...  - Sənəd imzalanacaq?

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN Ararat Mirzoyan arasında  İsveçdə görüş baş tutacaq. Bu barədə Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin məlumat verib. O, bu görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsinin  nəzərdə tutulduğunu  söyləyib.

Bildiyimiz kimi, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə  görüşəcəyi gözlənilir. Maraqlıdır,bu görüşdən öncə XİN başçılarının məlum görüşündə hansı məsələlər ətrafında müzakirələr aparılacaq?

Mövzunu  şərh edən keçmiş XİN başçısı Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki , bu,  ATƏT-in hər il  nazirlər səviyyəsində təşkil etdiyi  ənənəvi  görüşdür: 

“ Belə  görüşlərdə  ATƏT-in fəaliyyəti nəzərdən keçirilir  və ona aid sənədlər qəbul edilir. ATƏT-in Minsk qrupu uzun müddətdir ki, Ermənistan-Azərbaycan arasındakı münaqişənin  həllində vasitəçilik edirdi. Hazırda isə onun bu istiqamətdəki fəaliyyəti  müəyyən olunmayıb. Hər iki tərəfin bununla bağlı öz baxışları var. Rəsmi Bakı hesab edir ki, bu humanitar  mövzulara aid ola bilər”.
T.Zülfüqarov  görüşdə hər iki tərəfin yekun sənədlərdə və ya hansısa bəyanatda mövqelərini əks etdirməyə çalışacaqlarını vurğulayıb: 
“Görüşə hazırlıq müddətində Vyanada olan daimi nümayəndəliyimiz lazımlı işləri görüb. Burada hər hansısa sənədin imzalanması istisna deyil”.