Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxış edib. Ölkə başçısı bəyan edib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq: “Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.
30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”.
Eyni forumda çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki,26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib.Həmçinin TDT Sədri bildirib ki,Zəngəzur dəhlizi də artıq açılmalıdır: Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.
Məsələyə münasibət bildirən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Sherg.az"a açıqlamasında qeyd edib ki, dəhlizin açılması Ermanıstanın mövcudluğu üçün vacibdir:
"Əgər Ermənistan 10 noyabr müqaviləsinin şərtlərinə əməl etməsə, nəticələri onun üçün ağır olacaq. Onlar beynəlxalq və iqtisadi layihələrdən kənarda qalacaqlar. Şübhəsiz ki,bu hallar hərbi-siyasi baxımdan sülh danışıqlarında münasibətlərin normallaşmasına mane olacaq. Azərbaycan və Türkiyə tərəfləri rəsmi mövqeyini lazımi səviyyədə qeyd ediblər".