Bakının tıxac dərdi! – Ekspert ümidini  üzüb:“Həlli mümkün görünməyən...” 

Bakının tıxac problemi hər ötən gün bir az daha da genişlənir. Yüzlərlə paytaxt sakini bəzən saatlarla tıxacda qalır. Günün adi vaxtlarında insanları tıxacla qarşılaşan bir şəhərin küçələrində, günün pik saatlarında nə baş verdiyini təəssəvür etmək o qədər də çətin deyil.

Nəqliyyat üzrə ekspert Fərhad Hüseyn paytaxtın bitmək bilməyən tıxac problemi ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Bakıda bir milyondan çox nəqliyyat vasitəsi var. Onların çoxluğu yolların bütün çıxışlarını bağlayır: 

“Yollar çox məhdud vəziyyətdədir. Bundan çıxış yolu geniş memarlıq layihələri ilə yolların genişləndirilməsindədir. Zolaqlar artırılmalı,küçələrdə dayanan avtomobillər götürülməli, “parkovka” üçün şərait yaradılmalıdır. Bundan başqa operativ təşkil etmə üsulu ilə yollarda istiqamətlər dəyişdirilməlidir.

 İnzibati metodla isə nəqliyyat vasitələrinin müəyyən yollara buraxılmasının qarşısını almaq olar. Bunu bizim yollarda çox tətbiq etmək olmur. Çünki insanların hərəkətini də məhdudlaşdırmaq düzgün deyil.

 Düşünürəm ki, indiki halda bunun qarşısını almaq üçün Dövlət Yol Polisindən, Bakı Nəqliyyat Agentliyindən  və müəyyən nəqliyyatçılardan ibarət elmi mərkəz yaradılmalıdır. 

Həmin mərkəz vaxtaşırı tıxac olan yollarda müşahidələr aparmalı və nəticələr üzərində intensiv çalışmalıdır. Ümumilikdə isə paytaxtın tıxac problemi yaxın gələcəkdə həlli mümkün görünməyən bir məsələdir”.