Ermənistan bilməlidir! – “Başını qaldırmaq" imkanı yoxdur”

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlət başçısı Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündə çıxış edib. Ölkə lideri diqqətə çatdırıb ki, biz bir daha düşmənin başını qaldırıb bizim üçün təhdid yaratmasına imkan verməyəcəyik:

 “Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Millət vəkili Aydın Mirzəzadə ölkə başçısının bu fikirlərini "Sherg.az"a şərh edərkən bildirib ki, Ermənistanın hələ də revanşizm ideyasından əl çəkməməsi rəsmi Bakıda təəssüf doğurur:

"Ermənistan tərəfi vaxtaşırı Azərbaycana qarşı hərbi təxribatlar törədir. Hələ də sülh müqaviləsi imzalamaqdan yayınır. Eyni zamanda özünün təxribatlarına başqa dövlətləri də cəlb etməyə çalışır. Yüz illər ərzində nağıllar əsasında formalaşan bir üslubun birdən-birə dəyişməsi gözlənilən deyil. Ermənistan törətdiyi təxribatlara görə hər dəfə Azərbaycan tərəfindən çox sərt cavab alır. Rəsmi Bakı onunla normal qonşuluq münasibətlərinin tərəfdarıdır. O bundan nəticə çıxarmaqdansa, Azərbaycana qarşı ikili oyun oyanır.

 İndi Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan siyasi qüvvələri qırağa çəkərək bildirir ki, sülh müqaviləsini imzalamasaq, bizi ağır günlər gözləyir. Görünür, buna məhəl qoyan yoxdur. Keçmiş dövlət başçısının bu sözlərindən rəsmi İrəvanın nəsə nəticə çıxaracağını demək çətindir. 

Hər bir halda Ermənistan bilməlidir ki, Azərbaycana qarşı oyunlara son qoymalıdır. Bizim ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır. İndi Ermənistanın heç bir şəraitdə "başını qaldırmaq" imkanı yoxdur. Əvvəl - axır o Azərbaycanla normal münasibət qurmağı öyrənəcək.

 Rəsmi Bakı öz maraqlarını və ərazi bütövlüyünü, milli maraqlarını heç kimə güzəştə getmək fikrində deyil. Ötən iki il də Ermənistan rəhbərliyinin bunları başa düşməsi üçün kifayət qədər yetərli müddət idi".