Sabiq müşavirin təklifi dəstəkləndi:“Müstəqil beyin mərkəzləri vacibdir, amma buna...”

Azər Rəşidoğlu:“Belə mərkəzlər olmadan bizi gözləyən faciələrdən qaça bilməyəcəyik”

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Azərbaycan Beyin Mərkəzlərinin birinci Forumunda çıxış edib. Politoloq ölkəmizdə hərbi-siyasi təhlil sahəsində müəyyən boşluqlar olduğunu vurğulayıb. Və buna görə hazırda güclü beyin mərkəzlərinə ehtiyac yarandığını diqqətə çatdırıb.  

Təklifi dəyərləndirən siyasi şərhçi Azər Rəşidoğlu  "Sherg.az"a bildirib ki, indi ölkəmizdə beyin mərkəzlərinin yaradılması çox önəmli məsələlərdən biridir:

 "Çox təəssüf ki, bizdə bu istiqamətdə ciddi işlər görülmür. Bizim üçün müstəqil, real vəziyyəti təhlil edən siyasi analitiklərin, politoloqların, iqtisadçıların olması və onların hakimiyyətdən, müxalifətdən asılı olmayaraq tam müstəqil təhlillər hazırlaması son dərəcə vacibdir. Lakin illərdir, çalışsaq da buna nail ola bilmirik. Açığı bu məsələdə bir qədər pessimistəm. Yaxın müddətdə hansısa dəyişikliyin olacağını düşünmürəm. Problem ondadır ki, bir çoxları təşəbbüsü, əks fikri xoşlamır. Hamı da özünü ağıllı hesab etdiyi üçün belə işçiləri qəbul etmirlər. Bu da böyük faciələrə gətirib çıxarır. Azərbaycanda və bölgədə baş verən proseslər o dərəcədə sürətlənib ki, müstəqil beyin mərkəzləri olmadan bizi gözləyən faciələrdən qaça bilməyəcəyik. Elə düşünürlər ki, hər kəsin yerinə bir nəfər- ölkə başçısı düşünüb qərar qəbul etməlidir. 

Belə deyil axı. Əlbəttə ki, ölkəmizdə güclü beyin mərkəzlərinin formalaşması son dərəcə önəmli məsələdir. Amma onun formalaşacağına heç cür inanmıram" .