Generalın Gürcüstan səfərinin PƏRDƏARXASI:“Enerji kəmərlərinin təhlükəsizliyi ...”

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Baş Qərargah rəisinin Tiflis səfərini “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, hazırda Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq, qonşuluq prinsipi ilə inkişaf edir:

 "Rəsmi Bakı enerji layihələrini də rəsmi Tiflislə birgə həyata keçirir. Təbii olaraq, iki ölkənin ordu rəhbərlərinin də əlaqələri çox sıxdır. Mütəmadi olaraq biz birgə təlimlər keçiririk. Gürcüstan üçün ölkəmiz hər zaman maraqlı tərəfdaş olub. Azərbaycan regionda sabitliyi qorumaq üçün güclü orduya sahib olan dövlətdir. Əlbəttə, 44 günlük savaşdan qələbə ilə çıxmış bir ordu Gürcüstan hərbi rəhbərliyi üçün də maraqlıdır. 

K.Vəliyevin Gürcüstana səfərinə bu kontekstdə baxmaq lazımdır. Düşünürəm ki, səfər iki ölkə arasındakı hərbi əməkdaşlığı daha da möhkəmləndirəcək. Bu görüş müəyyən bir məqsədlərə yönəlib. O məqsədlərin başında da Azərbaycan-Gürcüstan dostluğunun hərbi sahədəki inkişafı durur.

 Digər tərəfdən biz bilirik ki, bir sıra ölkə Ermənistan- Azərbaycan münaqişəsinin alovlanmasında maraqlıdır. Gürcüstan isə bu məsələdə dəfələrlə məhz vasitəçi olmaq təklifini irəli sürüb. Ermənistanın hər an təxribat törədə biləcək bir dövlət olması sirr deyil. 

Bu kontekstdən baxdıqda deyə bilərik ki, K.Vəliyevin Gürcüstana səfərində Azərbaycan-Ermənistan sərhəddinə yaxın enerji kəmərlərinin təhlükəsizliyi də başlıca müzakirə predmeti ola bilər" .