Ərdoğanın səyi ilə müharibəni dayandıra bilərlər

“Mövcud şəraitdə Rusiya-Ukrayna savaşını durdurmağın ən uyğun yolu da budur"

“Türkiyə liderinin bu addımı təkcə Türkiyənin deyil, dünyanın maraqları baxımından da mühümdür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Liderlər söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndiriblər. Türkiyə dövlət başçısı həmkarı Putinə Ukrayna ilə danışıqlara başlaması üçün çağırış edib. O, bu prosesdə Türkiyənin yardımçı rol oynamağa hazır olduğunu vurğulayıb. 

Politoloq Həsrət Rüstəmov rəsmi Ankaranın Rusiya-Ukrayna arasındakı vəsitəçi missiyasından "Sherg.az"a danışarkən bildirib ki, bu hətta Türkiyəyə dost olmayan, rəqib dövlətlər tərəfindən də yüksək qiymətləndirilir: 

"İndi Rusiya-Ukrayna müharibəsi daha ciddi konflikt səviyyəsinə daxil olub . Getdikcə də Putinin doğru olmayan yanaşmasına görə daha böyük problemə çevrilir. 

Onun dünya ölkələrini də bu müharibəyə cəlb edəcəyi ehtimalı günbəgün artır. Hazırda sözügedən müharibə özünün ən ciddi dönəmindədir. 

Belə bir vaxtda Türkiyə dövlət başçısının yenidən tərəflər arasında missiyaçı olmaq cəhdi olduqca mühüm addımdır. Bunu alqışlamaq lazımdır. Hesab edirəm ki, Ərdoğanın bu addımı təkcə Türkiyənin deyil, dünyanın maraqları baxımından da mühümdür. 

Dünya sülh, əmin-amanlıq istəyir. Hələ də gec deyil. Tərəflər Ərdoğanın səyi ilə müharibəni elə bu mərhələdə də dayandıra bilərlər. Mövcud şəraitdə Rusiya-Ukrayna müharibəsinin dayandırmağın ən uyğun yolu da budur".