"Bu zamana qədər Naxçıvanda Vasif Talıbovun dövründə "sıfır cinayət" siyasəti həyata keçirilirdi. Onun düşüncəsinə görə, Muxtar Respublika ərazisində cinayət ola bilməzdi. Çünki Naxçıvanı cənnətməkan yer hesab edirdi".
Bunu "Sherg.az"a tanınmış jurnalist, Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz Naxçıvanda hava limanında keçirilən əməliyyatla bağlı danışarkən vurğulayıb.
O diqqətə çatdırıb ki, "sıfır cinayət" siyasətinin səbəbi var:
"Naxçıvanda bütün cinayətkarlar həbs olunmurdu. Pul alıb, buraxırdılar. Yəni Muxtar Respublikada cinayətin cəzası pul idi. Bacardıqları qədər çox rüşvət alırdılar. Hətta Elçibəyin şəklini Feysbukda bəyəndiyinə görə bir adamdan 15 min manat rüşvət götürüblər. Orada bir nəfər başqasına şillə vuranda hər ikisindən minimum 5 min manat pul istəyirdilər. Belə bir siyasət yürüdürdülər, adına da qoyurdular ki, guya Naxçıvan xoşbəxt məmləkətdir, orada cinayət yoxdur. Halbuki insan oğlunun yaşadığı hər yerdə qayda pozuntuları mövcud ola bilər. Cinayətsiz cəmiyyət görmək mümkün deyil. Vasif Talıbov öz anarxiya rejimini yaratmaq üçün bu cür siyasət həyata keçirib. İndi təbii ki, orada hər şey öz yerinə oturduqca istər-istəməz bu kimi cinayətlərin üstü açılacaq. Hətta Naxçıvanda sabiq sədrin hakimiyyətinin son dövrlərində Naxçıvan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi ləğv olunub. Çünki narkotik biznesi V.Talıbov tayfasının əlində idi. Ticarəti ilə məşğul olublar. Nəticədə özlərinə problem yaranmasın, məxfi məlumatlar başqasının əlinə keçməsin deyə qurumun fəaliyyətini tamamilə dondurdular. Həmçinin İnsan Alverinə qarşı Mübarizə Şöbəsi və digər belə cinayətlərlə məşğul olan idarələrin işini dayandırıblar. Təbii ki, belə olan halda V.Talıbovun dövründə narkotikə qarşı mübarizə tədbirlərinin görülməsini gözləyə bilməzdik".
Qeyd edək ki, Naxçıvanda hava limanında əməliyyat keçirilib. Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar. Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunub. Babək Rayon Məhkəməsinin qərarına görə, 40 gün müddətində inzibatı həbs olunub.