"ABŞ-nin dövlət katibi Entoni Blinkenin Türkiyə səfəri mövcud situasiyada rəsmi Ankara üçün siyasi-diplomatik cəhətdən böyük əhəmiyyət daşıyır".
Bunu "Sherg.az"a siyasi ekspert Elçin Xalidbəyli deyib. O diqqətə çatdırıb ki, hazırda dağıdıcı zəlzələdən sonra Türkiyənin yardıma və dəstəyə ehtiyacı var:
"Ağ Ev təmsilçisi Ankaraya səfəri zamanı ABŞ-nin daha 100 milyon dollar həcmində yardım ayırdığını bəyan edib. Ağ Evin bu davranışı digər ölkələr və beynəlxalq maliyyə qurumları üçün də müəyyən mənada, yardım məsələsində stimulverici örnək rolunu oynaya bilər. Digər tərəfdən, ABŞ və Türkiyə arasında müəyyən problemlər də mövcuddur. Böyük ehtimalla, dövlət katibi Entoni Blinken bu məsələlər ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla anlaşmağa çalışacaq. Ağ Evin əsas gözləntiləri Türkiyənin İsveç və Finlandiyaya NATO üzvü olmaq şansı tanıması ilə bağlıdır. Bir neçə gün öncə Ankaraya səfər etmiş NATO baş katibi Yens Stoltenberq bu məsələ ilə əlaqədar Türkiyə rəsmi dairələri ilə anlaşa bilməmişdi.
Ona görə də ABŞ dövlət katibinin bu mövzuda daha cəlbedici təkliflər irəli sürə biləcəyi qətiyyən istisna deyil. Çünki rəsmi Ankara ABŞ-dan F-16 döyüş təyyarələri satın almağa çalışır. Yəqin ki, bu iki məsələ danışıqlar masasında paralel olaraq, müzakirə ediləcək. Eyni zamanda ABŞ Türkiyənin Rusiyadan məsafə saxlamasını da istəyir. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya Türkiyə üzərindən sanksiyalardan yayınmaq imkanı verilmədiyini bəyan etməsi bu məsələ ətrafında müəyyən uzlaşmanın olduğunu büruzə verir.
Rəsmi Ankara ABŞ-dan PKK/PYD-yə dəstəyini dayandırmasını da tələb edir. Bu baxımdan, müzakirə masasında kifayət qədər ciddi mövzular mövcuddur. Ona görə də, ABŞ dövlət katibi Entoni Blinkenin rəsmi Ankara ilə strateji əhəmiyyət daşıyan bəzi məsələlərlə bağlı "siyasi bazarlıq" içərisində ola biləcəyi qətiyyən şübhə doğurmur. Ancaq bunun nəticələri yəqin ki, dərhal deyil, bir müddət sonra aydın olmağa başlaya bilər".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Görüş Ankarada Esenboğa Hava Limanının Böyük Şöhrət Zalında baş tutub.