Elçibəyin komandası Sinan Oğanı TANIMADI: "O, Bəyin ofisində..."

Mərhum Prezidentin komanda üzvləri məlumatları təsdiqləmədi

  Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğanın bir müddət mərhum Prezident Əbülfəz Elçibəyin ofisində işləməsi ilə bağlı məlumatlar maraq doğurur. 
  Onun Elçibəylə birgə fotoları və çıxışları da sosial şəbəkələrdə xeyli diqqət çəkir. Doğrudur ki, Azərbaycan əsilli siyasi xadim fikirləri, bəzi çıxışları ilə Elçibəyi xatırladır.

Lakin siyasətçinin o dövrdə Prezident Aparatında hansı vəzifədə və neçə müddət çalışdığı isə məlum deyil. 
  “Şərq” Oğanla bağlı Elçibəy zamanında fəaliyyət göstərən siyasi xadimlərdən açıqlama alıb. Maraqlısı budur ki, onlar Oğanla 1990-cı illərdə qarşılaşmadıqlarını bildirib.

  Əvvəlcə həmin dövrdə Baş nazir vəzifəsində çalışan Pənah Hüseynlə əlaqə saxladıq, o, S.Oğanı xatırlamadığını bildirib.

O dönəmlərdə Prezident Aparatı Dövlət-hüquq şöbəsinin müdiri olan millət vəkili Fazil Mustafa isə Oğanla tanışlığının Elçibəy dövründə olmasa da, sonradan yarandığın deyib: 

“Sinan Oğan dəyərli və savadlı siyasətçilərdən biridir. Onun fəaliyyətini hər zaman çox yüksək qiymətləndirmişəm. Həm də çox hazırlıqlı bir insandır. Həm Xocalı soyqırımı, həm də ermənilərin qondarma soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmişik. Birlikdə çıxışlarımız olub. Auditoriyalarda səmimi görüşlərimiz olub. Elçibəyin dövründəki fəaliyyətində tanış olmamışıq. Mən rast gəlməmişəm, ola bilər ki, fəaliyyətimiz eyni vaxta təsadüf etməyib. Azərbaycan əsilli, milliyətçi bir qardaşımızdır. Hesab edirəm Türkiyədə seçkilərdə gözləniləndən daha çox uğur qazandı. Təkbaşına bu qədər dəstəklənmək böyük uğurdur. Türkiyə siyasətində öz çəkisi, rolu olan siyasi adamlardan biri kimi gələcəkdə sözünü deyəcək”.

  Elçibəyin qızı Çilənay xanımın həyat yoldaşı Aqil Səmədbəyli sualımıza qısa cavab verib: 

“Oğanın Elçibəyin ofisində çalışması ilə bağlı bir məlumatım yoxdur”. 

  Son olaraq üz tutduq Əbülfəz bəyin köməkçisi olmuş Oqtay Qasımova. 

Oqtay bəy də S.Oğanla həmin dövrdə qarşılaşmadığını bildirib: “Sinan bəy ofisdə nə zaman işləyib? Heç xatırlamıram. Onun tərcümeyi-halına baxanda 1993-2000-ci illərdə Azərbaycanda olduğu görünür. Onu o vaxt tanımamışam, hansı ofisində işlədiyindən də məlumatım yoxdur. 

Prezident Aparatında çalışmadığı mənə məlumdur. Ondan sonrakı dövrü də bilmirəm. Bu məsələyə Sinan bəyin özü aydınlıq gətirsə, daha dəqiq olar. Mən Sinan Oğanı sonrakı fəaliyyəti ilə tanımışam. Millət vəkili və ekspert kimi. 1990-cı illərdə mənim onunla tanışlığım olmayıb. 

Qeyd olunub ki, 1993-cü ildən Azərbaycanda yaşayıb. Onda da iki dövr var - iyul ayına qədər prezidentlik dövrü və Kələkidə olduğu vaxt. Kələkidə yüz faiz olmayıb, mən orada olmuşam. Ondan əvvəlki dövrdə də Prezident Administrasiyasında Sinan bəyin işləməsi ilə bağlı məlumatlı deyiləm. Bildiyim qədərilə işləməyib. Bəlkə də hansısa məqamda bir hadisə olub, bilmirəm”.