“Biz müzakirə platformaları arasında fərq qoymuruq”.

Bunu, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan avqustun 22-də İrəvanda belçikalı həmkarı Hadija Labib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İrəvan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır: “Əldə olunan razılaşmaların tətbiqi bizim üçün vacibdir. Təəssüf ki, bəzən əldə olunan razılaşmalar həyata keçmir”.
  

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, bildiyimiz kimi, danışıqların aparıldığı bir neçə platforma mövcuddur. Amerika platforması, Rusiya platforması, Avropa İttifaqı platforması və digər platformalar. Doğrudur, Belçikanın xarici işlər naziri bölgəyə səfər edib. O, hazırda Ermənistanda görüşlərdədi və oradan da Azərbaycana səfər edəcək. Lakin Belçikanın bu mövzuda adlarını çəkdiyim digər böyük platformalar qədər vacib bir vasitəçiliyinin olduğunu düşünmürəm.
  "Necə ki, ermənipərəst Fransanın bu məsələlərdə vasitəçiliyi bizim üçün önəm kəsb etmir və onların obyektiv olmadığını düşündüyümüz üçün qərarlarını da qəbul etmiriksə, eləcə də bu məsələyə qərəzli şəkildə yaxınlaşan platformaların qərarları bizim üçün önəm daşımır. Bu məsələlərdə problemi dərinləşdirən Paşinyanın Ermənistanın Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycanın bütövlüyünü qəbul etdiyini vurğulamasına baxmayaraq, onların bunun yazılı şəkildə sənəddə əks olunmasına imkan verməməsidir. Onlar, dildə dedikləri bu məsələnin sənəddə əks olunmasından qorxurlar və əsas problemi də yaradan məhz budur".