Priqojinin müəmmalı ölümü: Detallar niyə araşdırılmır? - ŞƏRH

Priqojinin öldüyü qəzada qaranlıq məqamlar çoxdur

Böyük ehtimalla buna görə Rusiya başqa ölkələrin hadisənin detallarını araşdırmasını bloklayır

 
Rusiya ikinci ölkəyə Priqojinin öldüyü qəzanı araşdırmağa icazə vermir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib: “Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması işi ilə Rusiya İstintaq Komitəsi məşğul olur. Beynəlxalq araşdırmadan söhbət gedə bilməz”.
  Qeyd edək ki, Braziliya təyyarənin Braziliya şirkəti tərəfindən istehsal edildiyini əsas gətirərək Moskvaya hadisəni birgə araşdırmağı təklif edib. Lakin Rusiya buna icazə verməyib.
  Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, məsələ ondadır ki, Priqojinə qarşı sui-qəsdin özündə çoxlu müəmmalı məqamlar var: "Bu mövzu ilə əlaqədar iki fərqli situasiya ətrafında danışmaq olar. Birinci məsələ həqiqətən sui-qəsdin olması və Priqojinin aradan götürülməsidir. Xarici mediada Priqojinin içərisində olduğu təyyarənin Rusiya Hərbi Hava Hücumunda Müdafiə Qüvvələri tərəfindən vurulduğu ilə bağlı xəbərlər yayılıb. Bildiyimiz kimi, Priqojin olduqca güclü imkanlara malik idi. O həm Rusiya kəşfiyyatında, hərbi dairələrində güclü dəstəyə malik idi, həm də əhali arasında da rəğbətlə qarşılanan şəxs idi. Belə olduğu halda əlbəttə ki, onu hakimiyyətə gətirmək ehtimalı da yüksək idi. Hətta iddia olunurdu ki, yaxın 6 ay ərzində Priqojin Rusiyanın yeni prezidenti ola bilər. Əgər həqiqətən sui-qəsd baş tutubsa, bunu Putindən sonra hakimiyyətə iddialı olan hansısa Rusiyadaxili qruplaşmalardan biri etmiş ola bilər. Çünki Priqojin olduqca ciddi bir rəqib idi".
  Siyasi şərhçi qeyd edib ki, ikinci versiya isə bu sui-qəsdin Priqojinin özü tərəfindən planlaşdırılmış bir imitasiya olması ilə bağlıdır: "Doğrudur, rəsmi açıqlamalarda ölən adamın Priqojin olduğu deyildi, lakin ölən şəxsin o olub-olmadığı real şəkildə təsdiqlənmədi. Rusiyanın xəbər məkanında da basdırılan şəxsin Priqojinin olmadığı ilə bağlı çox sayda xəbərlər yazıldı. Bu xəbərlərdə hər hansısa başqa bir adamın Priqojin adı ilə dəfn olunduğu deyilir".

  E.Xalidbəyli vurğulayıb ki, ikinci versiyanı gücləndirən bir neçə faktor mövcuddur. Priqojin o qədər də sadəlövh adam deyildi və sui-qəsdə uğraya biləcəyini bilirdi. Buna qarşı müəyyən planlar qurmuş olması mümkündür: "Priqojinin Rusiya hava qüvvələrində kifayət qədər nüfuzu var idi. Nüfuzdan istifadə edərək içərisində Priqojinin olduğu deyilən təyyarəni vurdurmuş ola bilər. Yəni Priqojin milyardlarla sərvətini götürüb özünə sui-qəsd imitasiyası yaradıb, kənara çəkilmiş olma ehtimalı yüksəkdir. Gördüyümüz kimi, məsələdə olduqca qaranlıq məqamlar var. Böyük ehtimal ilə Rusiyanın başqa ölkələrin Priqojinin ölümünün detallarını araşdırmasını bloklamasının əsas səbəbi məhz həmin qaranlıq məqamlarla bağlıdır".