Nə Ukrayna, nə də Rusiya qazanacaq

Qalib Qərbdir

  
“NATO-ya dəvət olunmağımız müharibənin sonunu yaxınlaşdıra bilər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.
  
Onun sözlərinə görə, Ukrayna yalnız müharibədən sonra NATO-nun bir hissəsi olacaq: “Amma bizi daha tez dəvət edə bilərlər. Bu, müharibənin sonunu yaxınlaşdıracaq”.
 
 V.Zelenski həmçinin bildirib ki, rəsmi Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı dialoq bu il başlana bilər: “Hər şey avropalı tərəfdaşların xoş niyyətindən və ya siyasi iradəsindən asılı olacaq".
  
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq daha əvvəl yalnız müharibə başa çatandan sonra Ukraynanın Alyansa üzv ola biləcəyini vurğulamışdı.
  
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən  politoloq Ramiz Alıyev  bildirib ki, Ukrayna Prezidenti Zelenski güclü siyasətçi olmadığı üçün belə problemlərin olacağını öncədən proqnozlaşdırmamışdı. Zelenski müharibə başlayarsa, onun ölkəsinin NATO-ya qəbul olmayacağını anlamalı idi: 

"Əlbəttə, bunlar hamısı əvvəlcədən düşünülmüş planın bir parçasıdır. Qərb tərəfindən düşünülmüş bu plana əsasən, NATO-ya üzv qəbul edən ölkələr öncə Ukranyanın NATO-ya üzv olacağını vəd edərək Ukraynanı Rusiya ilə müharibəyə sövq etdilər. Rusiya və Ukrayna müharibəsi başladıqdan sonra isə Ukraynanın yalnız müharibənin bitimində NATO-ya üzv olaraq qəbul ediləcəyini bildirdilər. Buna səbəb olaraqsa, NATO-nun nizamnaməsinə əsasən, müharibə şəraitində olan heç bir ölkənin NATO-ya üzv ola bilməyəcəyini göstərdilər. Hazırda Ukrayna Rusiya ilə müharibə şəraitində olduğu üçün NATO-ya üzv olaraq qəbul edilə bilməz".
 
Politoloq qeyd edib ki, NATO-nun qanunlarına əsasən, əgər hər hansı bir ölkə NATO-ya üzv olan ölkəyə qarşı müharibə elan edərsə, onun ərazisinə hücum edərsə, o zaman NATO-nun digər üzvləri öz tərəfdaşlarını dəstəkləməyə və müdafiə etməyə borcludur:

"Əgər Ukrayna NATO-ya Rusiya ilə müharibə şəraitində olarkən qəbul edilərsə, o zaman gərək NATO-ya daxil olan digər ölkələrdə Rusiyaya qarşı müharibəyə başlasın. Bu isə üçüncü dünya müharibəsinin başlaması deməkdir. Əlbəttə ki, Qərbin planları bu doğrultuda deyil. Onlar müharibəni öz ölkələrindən uzaq tutaraq Ukraynadan Rusiyaya qarşı istifadə edirlər. Qərb Rusiyanı çökdürməklə bağlı planlarını Ukrayna üzərindən həyata keçirir".
  
R.Alıyev vurğulayıb ki, ümumiyyətlə, müharibə bitdikdən sonra da Ukraynanın NATO-ya üzv olmaq ehtimalının sıfıra bərabər olduğunu düşünür: "Rusiya-Ukrayna müharibəsi sona çatsa belə, münaqişəli zonalar hələ də qalacaq. Mən Rusiyanın zəbt etdiyi torpaqlardan asanlıqla çıxacağını düşünmürəm. Ümumiyyətlə, bu müharibədə nə Ukrayna, nə də Rusiya qalib olacaq. Hazırda hər iki ölkə kifayət qədər itki verib və verməkdə də davam edir. Bu müharibənin qalibi nəticəsindən asılı olmayaraq Qərbdir".