Süni intellektə nəzarət olmalıdır: İnsan əməyinə ehtiyac azalır...

Azərbaycanda süni intellekt bir neçə istiqamətdə tətbiq edilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

"Azərbaycanda süni intellekt futbol, güləş, cudo və digər idman növlərində tətbiq edilir. Bundan başqa, kənd təsərrüfatında dronların tətbiqi, elektron hökumət portalında "ASAN Login" üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. SOCAR və digər sənaye qurumlarında, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrası həyata keçirilir. Bununla yanaşı, gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər gedir. Azərbaycan dilinin korpusunun yaradılması, çağrı mərkəzlərində süni intellekt vasitəsilə səsin, yazının tanınması və insanlara cavabverilməsi, generativ Aİ əsaslı xüsusi mobil tətbiqlər vasitəsilə insanların sual verib cavab alması istiqamətində işlər aparılır. Müxtəlif tərəflərlə çalışır, araşdırmalar aparırıq. Dünya təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində digər IV sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlığımız var", - deyə o qeyd edib.
  
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov süni intellektin ölkədə tətbiqi və onun tətbiq sahələrinin şaxələnməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb: 

“Müasir çağa ayaq uydurmaq üçün süni intellektin tətbiq sahəsi artırılmalı və faydalı yanlarından istifadə olunmaqda davam edilməlidir. Azərbaycanda bu proses dövlət tərəfindən daim nəzarətdədir.  Büdcə xərclərində nano texnologiyaların, süni intellektin tətbiqi üçün ayrılan məbləğin ilbəil artımına şahidlik edirik. Süni intellektin idaretmədə, zaman itkisində, proseslərin çevikliyində və s.  faydaları olduqca çoxdur”.
Ekspert süni intellektdən istifadə zamanı bəzi amillərin gözardı edilməməli olduğunu bildirib: 

“Süni intellektin  tətbiq metodologiyasında eyni zamanda insan faktorunun kənarlaşması prosesi baş tutur.  Süni intellekt və müasir texnologiyalardan istifadə insan əməyinə olan ehtiyacın azalmasına zəmin yaradır. Bunun üçün prosesə daim nəzarət olmalıdır. Süni intellektlə yanaşı insan faktorundan istifadə də tarazlı şəkildə tətbiq edilməlidir. Digər tərəfdən artıq gənclər ixtisas seçimində daha diqqətli olmalıdır. Seçdikləri sahəni araşdırmalı və gələcək vəd edən peşələrə üz tutmalıdırlar. Müasir texnologiyaların tətbiqinin nəticəsi olaraq hər keçən gün hansısa peşənin sıradan çıxdığının şahidi oluruq. Bu nöqteyi-nəzərdən ixtisas seçimi düzgün aparılmalıdır”.