Dünyada sülh gündəliyini Türkiyə və Azərbaycan müəyyən edir  - Səməd Seyidov

Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib:
“Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  bildirib ki, Azərbaycanın  və türk dünyasının yeni, şərəfli tarixini yaşayırıq:

“Bu tarixi  yazan başda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olmaqla böyük türk oğullarıdır. Biz şanslı nəsilik. Çünki Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, suverenliyinin tam bərpasına əyani şahid olduq. Biz Türkiyə və Azərbaycan arasındakı dostluğun, qardaşlığın ən yüksək zirvəyə qalxmasını görürük. Türk dünyası birlik olmaqda davam edir. Hazırda dünyanın sülh gündəliyini müəyyən edən Türkiyə və Azərbaycandır. Regionun gələcəyi mövzusunda diqtə edən tərəf artıq türk dövlətləridir. Naxçıvanda imzalanan saziş bunun növbəti sübutudur. Azərbaycan və Türkiyə birliyinə yuxardan aşağı baxmaq olmaz”.