Ermənilər "qış yuxusundan ayılırlar"  - Peşmandırlar!

“Ermənistan hakimiyyətinin Gorusdakı nümayəndələri beynəlxalq media nümayəndələrinin Qarabağı tərk edən soydaşlarımızla əlaqə yaratmasına, onlardan müsahibə almalarına mane olurlar”.

Bunu erməni hərbi-analitik Karen Vrtanesyan deyib.

“Yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində yaralılar Xankəndidə xəstəxanaya yerləşdirilib. Xarici jurnalistləri həmin xəstəxanaya buraxmırlar, girişlərinə qadağa qoyulur”, – o bildirib.
Qeyd edək ki, artıq 13 550 erməninin Qarabağdan Ermənistana köçdüyü deyilir.

Mövzu ilə bağlı “Sherg.az”a  danışan tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, Ermənistan hakimiyyətinin bu addımı atmasının əsas səbəbi  hərbi xuntanın böyük qorxu yaratmasıdır:

“Erməni xalqında hələ də hərbi xuntaya qarşı qorxu hissi hökm sürür. Bu 30 ildə həmin insanlar qış yuxusunda idilər. Onları büsbütün aldadıblar.  İndi bu yalanların üstü açılır. Ermənilər gerçəkləri görməyə başlayıblar. Azərbaycanın onlara göstərdiyi xoş münasibətdən sonra peşman olurlar. Azərbaycan xalqına çox böyük ziyan vurduqlarının fərqinə varırlar. Azərbaycan bayrağı altında yaşayacaq ermənilər zamanla gerçəkləri dünyaya çatdırmağımızda müstəsna rol oynayacaqlar”. 
Azərbaycan mediasının reinteqrasiya prosesində iştirakına toxunan Q. Məhərrəmli  prosesin yeni başladığını vurğulayıb:

“Hazırda bölgədə  bir çox  problem mövcuddur. Rəsmi Bakının reinteqrasiya ilə bağlı yol xəritəsi var. Bu yol xəritəsi çərçivəsində baş verən yeniliklərin  dünyaya çatdırılmasında medianın üzərinə düşən yük böyükdür. Azərbaycan mediasında heç bir halda qisasçılığa çağırış materialları çap edilməməlidir. Media bu prosesin ağrısız şəkildə getməsinə yardımçı olmalıdır. Həqiqəti və doğrunu qərəzsiz şəkildə yazmalıdır”.