Avropa İttifaqı erməni sakinlərə vəsait ayırıb 

Ən azından budəfəki hərəkətlərində humanistlik var

ABŞ Ermənistana 11,5 milyon dollar məbləğində humanitar yardım ayırıb. 
  
“Aysor”a istinadən xəbər verir ki, bunu USİAD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer sentyabrın 26-da Zəngəzurda jurnalistlərə bildirib.
 
Avropa Komissiyası Mətbuat xidmətinin məlumatına görə, Avropa İttifaqı Komissiyası da Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk edən erməni sakinlərə yardım məqsədilə 5 milyon avro ayırmağa hazırlaşır.
  
Mövzu ilə bağlı "Sherg.az"a danışan millət vəkili Sahib Alıyev ABŞ və Avropa İttifaqının bu addımı atmasında təəccüblənəcək hal olmadığını vurğulayıb. Onların hər bir hərəkətləri kimi bu da göstəriş xarakterlidir: 

“Dünyada ən çon mina basdırılan torpaqlara çox cüzi vəsait ayıran Avropa İttifaqı erməni sakinlərə əməlli-başlı vəsait ayırıb. Ən azından budəfəki hərəkətlərində humanistlik var. Fərqi yoxdur, bu humanistlik kimə qarşı edilir. Amma ötən əsrin 90-cı illərində azərbaycanlılar etnik təmizləməyə məruz qalanda ABŞ və Avropa İttifaqının görməzdən gəlməsi təəssüf hissi doğurur. Qarabağda azərbaycanlılar eyni vəziyyətlə üzləşdikdə onlar 907-ci düzəlişlə Azərbaycana qarşı sanksiya tətbiq edirdilər. Amma Qarabağa müəyyən məqsədlərlə sonradan gətirilənlər xaric digər erməni sakinlər Azərbaycan tabeçiliyində qalmağa razı olarlarsa, onlardan geosiyasi alət kimi faydalananların köməyinə ehtiyacları qalmayacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan hansı millətin nümayəndəsi olduğundan asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını, təhlükəsizliklərini təmin edəcək”.