Azərbaycanlı ilə erməninin fərqini görmək istəyənlər üçün bu günlər ələ düşməyəcək fürsətdir

İnsanlıq dərsi

Onları qovan, tələsdirən, arxasınca güllə və raket yağdıran, pusqu qurub qətlə yetirmək, girov götürmək istəyən yoxdur

Xankəndini, Xocalını, Ağdərəni tərk edən ermənilər şəxsi avtomobillərinə, rahat avtobuslara minib vətən saydıqları Ermənistana gedirlər
  Azərbaycanla Ermənistanın, Azərbaycan əsgəri ilə erməni silahlısının, Azərbaycan insanı ilə erməninin fərqini görmək, bilmək istəyənlər üçün bu günlər ələ düşməyəcək fürsətdir. Ona görə ki, bu hadisə bir də təkrarlanmayacaq! Ona görə ki, erməni separatizmini əzən “dəmir yumruq” həmişə hazır vəziyyətdə olacaq. Ki, separatizmin başı bir də qalxmasın. İndi insan cildinə girmiş ermənilər bir də başlarını dikəldib torpaq əldə etmək eşqinə düşməsinlər. Ona görə hazırda Xan Kəndini tərk edən erməni karvanının Laçın postundan necə keçirilməsi də, əsgərlərimizin düşmən olsalar da, sıravi vətədaşlara hər cür yardım göstərməsi də, Azərbaycan polisinin avtobusda yola düşənlərə çörək uzatması da (...İndiyədək çörəyimizi yeyirdiniz, indi də çörəklə gedin. Yadınızda qalsın, sizə çörək verən həmişə biz azərbaycanlılar olmuşuq...) təkrarlanmayacaq tarixdir. Görünür, nəhayət ki, bu həqiqəti anladığından dünya mediası da bu görüntülərə geniş yer verir. Ermənilərin heç vaxt onların olmayan Xanın Kəndindən Laçın yoluyla yenə də üzü qədim torpağımız Gorusa doğru gedişini əks etdirən fotolar əcnəbi xəbər saytlarında da yayılır. Düşmən özü bilsin, hansı formada işıqlandırır. Öyrəncəliyik ikili standartlara. Əsas dostumuz, qardaşlarımızdı. Qardaş Türkiyə mediası isə bu fotoları müqayisəli şəkildə paylaşır. 1992-93-cü illərdə Azərbaycan türklərinin doğma yurdundan necə amansızlıqla didərgin salındığını, əli, ayağı yalın, məşəqqətlə elini-obasını tərk etməyə məcbur qaldığının sübutu olan nadir fotoları paylaşaraq “buyursun, dünya görsün. Biz kimik, onlar kim. Kim necə, hansı şəraitdə köç edib”. Ermənilərinki köç deyil, könüllü gediş, qaçışdı. Abır-həyadan etmirlər bunu. Qorxudan edirlər. Ədalət məhkəməsi önünə çıxmaqdan qorxurlar. Cəzanın ağır olacağını bilirlər, çünki. Odur ki, nə var-nə yox, yığışdırıb əkilirlər, sadəcə. Hansı ki, bizim camaat qarlı-çovğunlu qış günlərində ayağı yalın, soyuqdan titrəyə-titrəyə yollara düşmüşdü. Mağaralara, daşlara, qayalara pənah aparmışdı.
  
Kəlbəcərdə Başlıbel faciəsinin canlı şahidi, araşdırmaçı-jurnalist, Qarabağ müharibəsi veteranı “Qanlı kaha” və “Tanrı yoxuşu” sənədli-publisistik kitablarının müəllifi Elxan Salahov “Sherg.az”a açıqlamasında fotoların həqiqəti əks etdirdiyini bildirdi:

- Azərbaycan Ordusunun cəmi bir gün davam edən lokal xarakterli antiterror tədbirindən sonra Xankəndi-Gorus yolundakı avtomobil tıxacının görüntüləri sosial şəbəkələrin bəzəyinə çevrilib. Hamı həmin fotodan danışır. Bu fotolar Ali Baş Komandanın zərgər dəqiqliyi ilə ölçüb-biçdiyi strategiyanı layiqincə yerinə yetirən qəhrəman Azərbaycan Ordusunun yaratdığı hərbi-siyasi reallıqların nəticəsidir. Açıq görünür ki, separatçı rejimin və havadarlarının əlində alətə çevrilmiş ermənilər Azərbaycan hökumətinin humanizm çağırışlarına məhəl qoymur, sülhsevər azərbaycanlılarla birgəyaşayışı qəbul etmək istəmirlər. Olsun. Onlara xoş deyilsə, bizə çoxdan xoş deyil! Ən azı 35 il əvvəldən... 1988-ci ildən güllü-gülüstanlı Qarabağı terror yuvasına, qan çanağına döndərmiş ermənilər torpaqlarımızdan çıxır. Düz 35 ildir sülhə, dinc yaşayışa arxa çevirən, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti qurmaq xülyası ilə yaşayan əlisilahlı quldur dəstələri əyinlərindəki hərbi geyimi kol-kosun arasına tullayıb mülki sakinlərlə birlikdə Qarabağdan çıxır. Özü də kolon şəklində, bir-birinin belində...
  
Sülhə, dinc yaşayışa arxa çevirənlərin aqibəti belə olur. Cəhənnəmə getsinlər. Bizə yaşatdıqları cəhənnəmin bir az yüngül formasını özləri yaşamalı olacaq. Niyə yüngül, çünki Qarabağ onların torpağı deyil! Azərbaycanın dünya birliyi tərəfindən tanınan bu ərazilərlə onların heç bir bağlılığı yoxdur. Yaşadıqları evlər, əkib-becərdikləri torpaqlar, zəli kimi sümürdükləri təbii sərvətlər Azərbaycana, vaxtilə onlara birgə yaşamaq imkanı verən azərbaycanlıların ulu əcdadlarına məxsusdur. Çoxmillətli Azərbaycan xalqı onlara burada sülh və mehriban qonşuluq şəraitində dinc yaşamaq imkanı vermişdi. Qədrini bilmək o yana, Şərqdə ilk demokratik respublika yaradan, sivil cəmiyyət quruculuğu yolunda inamlı addımlar atan, sakit və mədəni həyatı sevən xalqımıza asi çıxdılar. Başımızı qaldırıb gördük ki, silahlı quldur dəstələri arxalı düşmənə çevrilib bizi öldürür, torpaqlarımızı işğal edir, ata-baba yurdumuzda izimizi silirlər. İndi təkcə Qarabağın kəndləri deyil, ətraf 7 rayon ucsuz-bucaqsız daş qəbiristanlığını xatırladır.
 
 E.Salahov qeyd etdi ki, ermənilərin Qarabağdan çıxışını özündə əks etdirən bugünkü fotolara baxdıqca Kəlbəcərin işğal günlərini xatırlayır:

- Düz 30 il 5 ay əvvəl Murovun qarlı aşırımları ilə Kəlbəcərdən Toğanalıya (Göygöl rayonu) gələn insan seli gözlərim önündə canlanır. Elə həmin günlərdə Murovun dolaylarından çəkilən və illərdir arxivimdə saxladığım fotolara baxıb paralellər aparıram. Ermənilər soyuq aprel günlərində bizi isti ocağımızdan didərgin salarkən Başlıbeldən Toğanalıya qədər 4 sutka gecəli-gündüzlü piyada yol gəlmişdik. Maşın Murovun buz bağlamış dolaylarında ilişib qalmışdı, xəstələri götürə bilməmişdik, qocaları və uşaqları atın belində gətirir, özümüzsə qarda yıxıla-yıxıla qaçıb canımızı qurtarmağa çalışırdıq. Azğın düşmən Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Üstəlik, səsgücləndiri vasitəsilə elan edilən, amma vədə xilaf çıxaraq verilən vaxt başa çatmamış yollarda pusqu qurub əliyalın insanları qətlə yetirirdilər.
  Xankəndi-Gorus yolundan bu gün çəkilən fotoya baxdıqca Başlıbeldən Toğanalıya gəldiyimiz 4 günün hər saatı acı xatirə kimi beynimdə dolaşır. Bu gün isə Xankəndini, Xocalını, Ağdərəni tərk edən ermənilər şəxsi avtomobillərinə, rahat avtobuslara minib vətən saydıqları Ermənistana gedirlər. Halbuki onları qovan, tələsdirən, arxasınca güllə və raket yağdıran, pusqu qurub qətlə yetirmək, girov götürmək istəyən yoxdur. Amma Xankəndi-Gorus yolundakı avtomobil tıxacından qaçışları bəlli! 2023-cü ilin sentyabrı (Xankəndi-Gorus yolu) ilə 1993-cü ilin aprelində (Kəlbəcər-Toğanalı yolunun Murov aşırımı hissəsi) çəkilən şəkillər üzərində düşünərkən öz-özümə sual verirəm: xoşbəxtikmi? Evindən-eşiyindən, isti ocağından, doğma yurdundan ayrı düşmək ağır dərddir! İsti yuvamızdan didərgin olduq, on minlərlə şəhidlər verdik, 30 il məcburi köçkünlüyün ağrı-acısını çəkdik, vətən həsrətilə dünyasını dəyişən doğmalarımızın sayı-hesabı yoxdu... Heyif itirdiklərimizdən! Amma... Bəli, bu gün xoşbəxtik. Məhz bu günü gördüyümüzə görə təsəllimiz var: düşmənin bizə yaşatdıqlarını özləri də yaşadılar. Nə yaxşı ki, taleyinə məcburi köçkün yazılmış nəsil tükənməmiş bu günü gördü! Bu, erməniyə qarşı qisasçılıq deyil, tarixin ibrət dərsidir.