Nahaqqa haqq qazandırmaq siyasəti yürüdürlər  - Nəticə verməyəcək!

AB hüquq sektorunda islahatları davam etdirmək üçün Ermənistana 11 milyon avro ayıracaq.
 
Avropa Komissiyası ilə müvafiq saziş cümə axşamı hökumətin iclasında təsdiqlənib və parlamentə gedəcək.

Proqrama hakimlərin, eləcə də prokurorların və müstəntiqlərin peşə etikasının yoxlanılması üçün beynəlxalq meyarların tətbiqi daxildir. Cinayət prosesində və korrupsiyaya qarşı mübarizə qurumlarının işində də bir sıra islahatların aparılması nəzərdə tutulur.

AB-nin və digər dünya ölkələrinin son zamanlar islahatlar üçün Ermənistana ayırdığı vəsait çoxalıb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Nəsirov müasir dünyada ölkələrin artıq ikili standartlara uyğun əlaqə qurduğunu vurğulayıb: 

“Dünyada ədalət hissi son dərəcə zəifləyib. Beynəlxalq hüquq işləmir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı rola malik olan dövlətlər əksinə onu pozan tərəfə çevriliblər. Bu, reallıqdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana AB-nin  11 milyon avro vəsait ayırması bunun növbəti sübutudur. Onlara bu humanistliyi zamanında Azərbaycana nə üçün göstərmədikləri sualını vermək lazımdır. Hətta əksinə bəzi AB ölkələri öz gücü hesabına azad etdiyi torpaqlarına görə sanksiyalar tətbiq etməyə çalışır. Bütün bu proseslərin başında isə Fransa Prezidenti Emanuel Makron dayanır. Onlar haqqdan ədalətdən uzaq, nahaqqa haqq qazandırmaq siyasəti yeridirlər. Bunlar heç bir nəticə verməyəcək. Çünki Azərbaycan haqq yolundadır. Azərbaycanın güclü Lideri, ordusu, xalqı var”.