Səfirliyimizdə terror törədənə ölüm hökmü verilə bilər - Çingiz Qənizadə 

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfərə yola düşüb.

Nazir hava limanında jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.

O, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və Prezidentin təqib etdiyini diqqətə çatdırıb.

"Tezliklə təqsirləndirilən şəxsə hökm çıxarılacaq", - Mehrdad Bəzrpaş əlavə edib.

İranlı Nazirin Tehrandakı Azərbaycan səfirliyinə hücum edən şəxs barədə səsləndirdiyi fikirləri “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin  sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı həbs edilmiş cinəyatkara ən ağır cəzanın veriləcəyi haqda Azərbaycan tərəfinə ilkin məlumat verilib:

“Amma məhkəmələr bütün ölkələrdə müstəqildirlər. Məhkəmə hakimiyyəti müstəqil olduğu üçün onların adından danışmaq bir qədər düzgün deyil. Lakin baş verən hadisənin siyasi terror olduğunu və sözügedən dövlətlərin münasibətlərinin kəskinləşməsi ilə nəticələndiyini göz önünə alsaq, İran hakimiyyətinin məsələni diqqətdə saxlaması normaldır. Hazırda bu ölkədə səfirliyimiz fəaliyyətini dayandırıb. Hadisənin həm cinayət, həm də siyasi motivli olduğunu nəzərə alsaq, İranın bununla bağlı görüşünü açıqlaması gözləniləndir”.  

Ç.Qənizadə son zamanlar İran rəsmilərinin Azərbayacana səfərlərinin artmasını və müsbət yönümlü açıqlamalarını münasibətləri düzəltmək adına atılmış addım olaraq qiymətləndirib: 

“İran Azərbaycanla münasibətlərdə humanist addımları ilə seçilir. Məsələn, Tehran rəsmiləri İranda həbsdə olan Fəridin məsələsinə yenidən baxılacağını bildiriblər. Bunlar onu göstərir ki, İran haqsız olduğunu dərk edib. Hələlik məhkəmənin sonlarıdır. Cinayətkara ölüm hökmü veriləcəyini düşünürəm”.