Tehranda səfirliyimiz nə vaxt açılacaq?  - İran öhdəliklərini yerinə yetirsə...

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.
Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi: “Yaxşı müzakirələr və məsləhətləşmələr oldu”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib, oktyabrın 6-da isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.

İranlı rəsminin fikirlərini “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə gec-tez Azərbaycanın Tehrandakı fəaliyyəti bərpa edilməlidir: 
“Azərbaycan və İran qonşu dövlətlərdir. Bəzən düşmən dövlətlər belə səfirliklər vasitəsiylə bir-birləri ilə əlaqə saxlayırlar. Son hadisələr göstərir ki, İran Azərbaycanla olan münasibətlərin yumşalmasının tərəfdarıdır. İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfəri, Baş Prokurorluq səviyyəsində görüş və danışıqlar, İranda həbsdə olan Fəridin  məsələsinə də yenidən baxılacağına dair verilən sözlər buna sübutdur. Azərbaycan tərəfi Tehrandakı səfirliyin fəaliyyətinin bərpası üçün müəyyən tələblərini və şərtlərini ortaya qoyub. İran tərəfi burada üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İlk növbədə səfirliyin əməkdaşlarının və binanın təhlükəsizliyini təmin etməlidir. İran bunlara əməl edəcəksə, Azərbaycanın İranda olan səfirliyinin açılması tezliklə reallaşacaq”.