Aİ-nin həyasız missiyası: Sərhədə daha 1500 havayı yeyən gəlir

Bu gün Avropa Birliyinin (AB) Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.
Bu barədə missiyanın X hesabında bildirilib.
Məlumata görə, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb:
“AB-nin Ermənistandakı missiyası Qafan, Gorus, İstisu (Cermuk), Keşişkənd (Yeğeqnadzor), Martuni və Karvansaraydakı (İcevan) 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir”.

Məsələ ilə bağlı "Sherg.az"a münasibət bildirən politoloq Turan Rzayev bildirib ki, belə yoxlanışlar vaxtaşırı olaraq keçirilir:
"Bu Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sazişlə bağlıdır. Müqaviləyə əsasən mütəmadi olaraq reydlər, patrul xidmətləri həyata keçirilərək sabitliyin təmin olunub-olmadığı ilə bağlı yoxlanış aparılır, hesabatlar tərtib olunur".

Politoloq  ilk baxışdan bunun diqqət çəkən bir tərəfinin olmamasına rəğmən son günlər Ermənistanla Azərbaycan arasında müəyyən  gərginliyin müşahidə olunduğunu da unutmamaq gərəkdiyini vurğulayıb:
 "Xüsusən Ermənistan mediasında  Azərbaycanın Ermənistan torpaqlarına ərazi iddiaları ilə bağlı əsassız xəbərlər dərc etməyə başlayıblar. Bu istiqamətdə Fransa kimi ölkələrdən bədbin praqnozlar açıqlamalar gəlməkdədir. Bunların fonunda Avropa İttifaqının əraziyə 1500 patrul göndərməsi təbii ki, diqqət çəkir. Avropa İttifaqının mülki missiyasının Ermənistandakı fəaliyyəti həmçinin  Rusiyayla da bağlıdır. Rusiyanın buradakı hərbi varlığının müəyyən olunub, növbəti etabda azaldılması istiqamətində müvafiq addımlar atılması nəzərdə tutulub".