Ülviyyə Zülfiqar: Biz öz ata-baba torpaqlarımıza mütləq şəkildə geri qayıtmalıyıq

“Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib”.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı bildirib ki, Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir. 


Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar “Sherg.az”a deyib ki, Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizin ilk illərində Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət ünvanlamışdı:

“Nikol Paşinyana bildirilmişdi ki, biz sülh yolu ilə təhlükəsiz şəkildə öz torpaqlarımıza qayıtmaq istəyirik. Ermənistan Baş naziri isə müraciətə cavab vermədi. Hətta əksinə olaraq mətbuatda Azərbaycanın haqlı istəyini ərazi iddası kimi qələmə verməyə cəhd göstərdilər. 300000-dən çox Qərbi azərbaycanlının beynəlxalq hüququm norma və prinsiplərinə əsasən geri qayıdış haqqı var və bu həyata keçirilməlidir. Ermənistan tərəfinin üzərinə bununla bağlı konkret məsuliyyət düşür. Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi Ermənistan tərəfini və Baş nazir Nikol Paşinyanı dialoqa çağırır. Biz öz ata-baba torpaqlarımıza mütləq şəkildə geri qayıtmalıyıq. Dağıdılan və talan edilən Qərbi Azərbaycan mədəni irsi və insanların yaşayış məskənləri bərpa olunmalıdır. Çünki bir xalqın mədəni irsinin dağıdılması və insan hüquqlarının pozulması yolverilməzdir. Qərbi Azərbaycan İcması olaraq bütün fəaliyyətimizi soydaşlarımızın geri qayıdış hüququnun bərpa olunması istiqamətində təşkil etmişik”.