Rusiyanın ritorukası Azərbaycanda işə yaramayacaq: “Şimal ayısı tülkü gedişlərini dayandırmalıdır”

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb. Məsələyə bu ölkənin hakim “Yedinaya Rossiya” partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış “tədbirlərin” görülməsini təklif ediblər.
Rusiyanın hakim "Vahid Rusiya" partiyasının deputatları Yevgeni Popov və Nikolay Valuyev Azərbaycana qarşı çirkin hücumlara başlayıb.
Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.
100-ə yaxın xalqın dövləti kimi özünü təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqon sözlərlə təhqirlər yağdırırsa, bu, həmin ölkədə yaşayan və ya ora hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır.
Məlum məsələdir ki, Azərbaycana qarşı addımlarla bağlı təkliflər paketi ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu deyil. Bunun kökünü Kremldən gələn göstərişlərdə axtarmaq lazımdır.
Buna sübut kimi həmin partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflərdir. O təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır.

Siyasi şərhçi Azər Niftiyevin "Sherg.az"a açıqlamasına görə, Rusiyanın hakimiyyət eşolonunda mərkəzdənqaçma meylləri güclənib və Putinə belə əzələ nümayiş etdirilir.  Sifarişlə danışan deputatlar hətta bir qədər də irəli gedərək, məlum təyyarə hücumunda Azərbaycanı ittiham etməkdən belə çəkinmirlər: 
"Misal üçün, N. Valuyev Azərbaycan diasporunun fəaliyyətini dayandırmasını, Azərbaycandan olan miqrantların deportasiya olunmasını, Federasiya vətəndaşı olan azərbaycanlıların cəbhə bölgəsinə göndərilməsini, soydaşlarımıza məxsus iri ticarət mərkəzlərinin qapadılmasını təklif edir.
Y. Popov isə, Bakıdakı "Rus evi"nin bağlanmasına cavab olaraq "Krokurs" şirkətinin və "Sadovod"un (ticarət mərkəzi) faktiki müsadirə edilməsi təklifi ilə çıxış edir. Hər kəsə məlumdur ki, "Sadovod"ın sahibi, azərbaycanlı iş adamı, professor Rəhimov Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur.
Heç şübhəsiz burada əsad məqsəd Azərbaycan və Rusiya arasındakı münasibətlərə xələl gətirməkdir. Bu, ilk belə hadisə deyil və tarixi təcrübəyə istinad etsək, belə sifarişli hücumların az olmadığını görə bilərik. Xocalı soyqırımı, 20 yanvar qırğını, terrorçu və işğalçı Köçəryan-Sarkisyan rejiminə dəstək, bu olaylar son 35 illik tariximizdə baş verib".

A.Niftiyev qeyd edib ki,Rusiya hegomonluq şakərindən qurtula bilmir və özünü bölgənin ağası kimi aparmağa çalışır: 
"Onu unudur ki, ölkəmizi mürəkkəb geosiyasi situasiya belə qətiyyətli mövqeyindən çəkindirməyib. Bunu Qərbdə də bilirlər, Rusiyanın özündə də. "Parçala, hökm sür" siyasətinin qurbanı olan dövlətlərdən fərqli olaraq, Azərbaycan heç bir zaman kiminsə ruporu olmayıb.
Azərbaycan heç kimin daxili işlərinə burun soxmur, heç kim də onun işlərinə qarışa bilməz. Doğrudan da Rusiya Azərbaycanla münasibətlərin inkişafını istəyirsə, bundan yanadırsa, ritorikasını dəyişməli, sssenari üzrə hərəkət edən qüvvələri susdurmalı, onları dayandırmalıdır.
Şantaj, təhdid, "balanı verməsən, ağacı kəsəcəm" kimi hiyələgər və quyruqsuz "tülkü gedişləri" bizim üçün keçərli deyil və şimaldakı qonşumuz da bunu birdəfəlik başa düşməlidir".

Azərbaycana qarşı təbliğatçıların istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə siyasi ekspert 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin cəmi 4,8 milyard ABŞ dolları təşkil etdiyini xatırladıb. Əlavə olaraq bildirib ki, bu Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10 %-ni təşkil edir:
 "İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Kimə daha böyük ziyan dəyəcəyi də bu rəqəmlə izah olunur.
Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın "propaqandistlərin" ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır".