"...Xocalıdan yazdıqlarımız səhvdirsə, özümü asacam"
"Xocalı Həftəsi" rubrikamızın bu dəfəki qonağı tanınmış jurnalist, 90-cı illərdə çap olunan "Səhər” qəzetinin baş redaktoru, 20 yanvar və Xocalı soyqırımının ilk dəfə dərc olunmasında xidmətləri olan Məzahir Süleymanzadədir.
O, Sherg.az-a Xocalı faciəsinin baş vermə səbəbləri, soyqırım nəticəsində dinc, əliyalın soydaşlarımızın başına gətirilən amansız işgəncələr və bu faciəyə dair həqiqətlərin beynəlxalq arenaya çıxarılmasından danışdı. Hadisə zamanı "Səhər” qəzeti və onun Xocalıdakı müxbirlərinin fəaliyyətinə diqqət çəkən M. Süleymanzadə qeyd edib ki, 90-cı illərin əvvəllərində bu qəzet ölkədə ən çox tirajla çap olunan media quruluşu idi:
"Ona görə də, oxucularımızın sayı çox olurdu və biz ölkədə baş verən bütün hadisələri diqqət mərkəzində saxlayırdıq. Xocalı faciəsi baş verəndə - fevral ayının 25-dən 26-na keçən gecə də bizə məlumatlar daxil olurdu ki, Xocalıda vəziyyət gərgindir. Şəhər əhalisi çox narahatdır, onları şəhərdən çıxaracaqlar və şəhərə hücum gözlənilir”.
- Xocalıdakı hadisələri əvvəlcədən bilirdinizmi? Və bununla bağlı müvafiq qurumlara məlumat vermişdinizmi?
-Əlbəttə. Amma bu məsələyə həmin dövrki ölkə rəhbərliyi o qədər də əhəmiyyət vermirdi. Deyirdilər ki, hər yerdə baş verən toqquşmalar, qarşıdurmalar ola bilsin ki, burada da olacaq. Bu hadisənin belə genişmiqyaslı və bu cür faciəvi başa çatacağını heç kəs gözləmirdi. Buna baxmayaraq fevarlın 26-da soyqırım başa çatanda hadisənin miqyası da məlum deyildi. Ona görə, dövlət idarə orqanları "Xocalıda qarşıdurma olub, cəmi iki nəfər həlak olub” kimi informasiyalar vermişdilər. Ölkənin digər idarə orqanlarında sadəcə bu səpkili məlumatlar yayılır, xəbərlər yalnız bu cür verilirdi. Ayın 26-da biz bu informasiyanı dəqiqləşdirdik. Həmin vaxt "Səhər” qəzetinin Xocalıda iki müxbiri- Şamil Sabiroğlu və onda Xocalı məktəbində işləyən Səriyyə Müslümqızı var idi. Müxbirlərimizin məlumatlarından başqa hər gün Xocalının rəsmi dairələrindən informasiyalar alırdıq. Ayın 26-da isə qəribə idi ki, telefonumuza heç kəs cavab vermədi. Bakıda rabitə xidməti ilə məşğul olan qızlar bizi Xocalı ilə calaşdıra bilmədilər. Bundan sonra müxbirimiz Süleyman Qaradağlı Bakıda polis idarəsinin rəisi ilə danışmalı oldu. Redaksiyamıza ilk məlumatı elə polislər verdilər ki, Xocalıda kütləvi sürətdə qırğın törədilib. Təbii olaraq, bunu dəqiqləşdirməli idik və həmin gün müxbirlərimiz nəhayət, bizimlə əlaqə saxlayadılar. Ş.Sabiroğlu məlumat verdi ki, Xocalıda yüzlərlə adam qətlə yetirilib, mindən çox xocalılı əsir götürülüb, itkin düşüb. Bununla da polis idarəsindən aldığımız məlumatı dəqiqləşdirə bildik. Dəqiq informasiya aldığımıza görə, rəsmi informasiya orqanlarının məlumatına yox, məhz öz müxbirlərimizin söylədiklərinə əsaslandıq.
Beləliklə, "Xocalı işğal olundu” başlıqlı yazı hazırlayıb, müxbirlərimizdən aldığımız informasiyaları əks olunmaqla "Səhər” qəzetinin 27 fevral 1992-ci il sayında dərc etdik. Bütün digər mətbuat orqanlarında "Xocalıda iki nəfər həyatını itirib” yazılsa da "Səhər” qəzetində əsl həqiqət meydana çıxarıldı. Bundan sonra dövlət televiziyası, mətbuat orqanlar qəzetdə yaydığımız xəbərlərə əks məlumatlar dərc etdilər. Bu isə normal olaraq, insanlarda böyük çaşqınlıq yaratdı. Fevralın 27-də xəbəri dərc etdiyimizə görə, "Səhər” qəzetinin redaksiyasının yerləşdiyi Azərbaycan Nəşriyyatının qarşısında 200-300 nəfərlik böyük kütlə toplaşdı. Baş redaktor kimi məni tələb etdilər, mən də etirazçıların qarşısına çıxdım. Təbii ki, böyük ittihamlar irəli sürdülər, dezinformasiyalar yayıb, xalqı ayağa qaldırmağa cəhd etdiyimizi söylədilər. Deyirdilər ki, Xocalıda 2-3 nəfər ölüb, qəzetdə yüzlərlə adamın öldüyünü yazırsınız, bu böyük təxribatdır, əslində belə hadisə olmayıb. Mən isə başa saldım ki, mən jurnalistəm, təbii ki, öz vətənimi sevirəm, ilk növbədə peşəmə çox böyük sədaqətim var. Əgər həqiqətən yazdığımız informasiya səhvdirsə, sizin bu toplaşdığınız yerdə dar ağacı qurub özümü asacam.
Çünki xalqa bu böyüklükdə yalan söyləmək olmaz. Jurnalistin haqqı yoxdur ki, yanlış informasiya yaysın. Amma bu məlumatı dəqiqləşdirmək imkanımız da məhdud idi. O zaman indiki kimi mobil telefon, internet yox idi. Kommunikasiya vasitələri məhdud idi. Bölgələrdəki müxbirlərimizlə çox çətinliklə əlaqə saxlayırdıq. Həmin gün bizim verdiyimiz o informasiyada səhvən göstərilmişdi ki, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədov da həyatını itirənlər arasındadır. Lakin bir müddət sonra Elman Məmmədov özü mənə zəng vurdu və dedi ki, sağam, amma sağ ayağımdan yaralanmışam. Bundan sonra Xocalı Rayon Prokuroru Atakişi Atakişiyev zəng vurdu. Qəzetdə dərc olunan informasiyanı artıqlaması ilə təsdiq etdi. Beləliklə, ölkə ərazisinə ilkin məlumat bu cür yayıldı.
Xarici Kütləvi İnformasiya Vasitələri də Xocalıda baş verən hadisələrə bağlı məlumat əldə etdilər. Sonrakı günlərdə artıq soyqırımının şəkillərini əldə etdik. Bir neçə gün keçdikdə artıq mərhum Çingiz Mustafayevin çəkdiyi videolar yayıldı. Cəmiyyət də, mətbuat da bu videolardan Xocalı soyqırımı haqqında məlumatları öyrənə bildi. Bununla, tale 2 il əvvəl 20 yanvar faciəsi haqqında əsl həqiqətləri ilk olaraq ölkə ərazisində, beynəlxalq ictimaiyyətdə yayan "Səhər” qəzetinin əməkdaşlarının öhdəsinə Xocalı hadisəsi haqqında da ilk məlumatı yaymaq məsuliyyəti qoydu.
- Faciə haqqında dövlət televiziyasının, mətbuat orqanlarının qeyri-dəqiq məlumat yaymasının səbəbi nə idi?
Həmin vaxt dövlət televiziyası, Azərtac və digər media qurumları tapşırıq yerinə yetirirdilər. Biz onlarla əlaqə saxladıq ki, məhz həqiqət bundan ibarətdir. Onlar məsələni ən yaxşı halda sükutla qarşılayırdılar, reaksiya bildirmirdilər. Hətta bəzən bizə təzyiq də göstərirdilər ki, rəsmi agentliklər, qəzetlər, dövlət televiziyası hansı məlumatı verirsə, siz də həmin məlumatı dərc edin. Dövlətin məsləhət bildiyi informasiya bundan ibarətdir. Sözsüz ki, onların dediklərini etmədik. Çünki, qəzetçilikdə belə qayda var. Həmin bölgədə bizim müxbirimiz varsa, onun verdiyi məlumatlara inanmalıyıq. Müxbirə nə düşmüşdü ki, yalan informasiya versin. Ş.Sabiroğlu Ağdamda idi, Xocalıların meyitlərini Ağdama daşıyanlardan biri idi. Həmin hadisələri öz gözləri ilə görmüşdü. Təbii ki, biz onun dediklərinə istinad etməliydik. Xocalı Rayon Prokuroru A. Atakişiyev kimi hadisələrin içərisində olmuş insanlar danışırdı. Onlardan daha etibarlı mənbə olardımı? Canlı şahidləri, inandığımız insanları qoyub, dövlət agentliklərinə istinad edə bilməzdik. Ona görə, jurnalistika prinsiplərini əsas götürüb, öz müxbirlərimizin məlumatlarına inam göstərdik.
- Hazırda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dair görülən işlər qənaətbəxşdirmi?
Biz özümüz deyib, özümüz eşidirik. Azərbaycan ərazisində, sərhədlərimiz çərçivəsində Xocalı ilə bağlı çoxlu kitablar çap olunub, sənədli filmlər çəkilib, tədbirlər həyata keçirilib. Amma biz bunları onsuz da bilirik. Həmin hadisələrin canlı şahidləriyik. Xarici ölkələrdə bunu tamamilə başqa səpkidə təbliğ etmək lazımdır. Son zamanlar "Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə hərəkat keçirilir. Bu kampaniya təqdirəlayiqdir. Biz Xocalı faciəsini gündəlik həyatımıza gətirməliyik. Xocalı təbliğatı ilə hər gün məşğul olmalıyıq. Yoxsa ildə 1 dəfə Xocalını yada salıb, ildönümü ərəfəsində çəkilişləri nümayiş etdirib, söhbətlər aparmaqla Xocalı barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq çətindir. Doğrudur, dünya ölkələrinin bəzilərində, ABŞ-ın 20 ştatında Xocalı faciəsi soyqırımı kimi tanınıb. Yenə kifayət etmir. Əsas məsələ ondan ibarətdir ki, qətliam törədilib, bunu həyata keçirənlərin isə heç biri cəzalandırılmayıb. Bu məsələyə sözün həqiqi mənasında hüquqi qiymət verilməlidir. Fərqi yoxdur, həmin şəxslər Rusiyadadır, Ermənistanda, ya başqa yerdədirlər. Onlar cinayətkardır, qadınları, uşaqları, körpələri qətlə yetiriblər. Hüquqi münasibət göstərilsə, təbii ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha inamla yanaşar, qarşılarına qoyulmuş faktlara diqqətli nəzər yetirər. Onlar baxırlar ki, biz danışırıq, şəkillər filmlər göstərməklə məhdudlaşırıq. Xocalıda tanınmaz hala salınmış meyitlərin şəkillərini ermənilər də dünyaya göstərir. Bu şəkilləri öz əhalisi kimi təqdim edir, faciəni azərbaycanlıların törətdiklərini iddia edirlər. Təbii ki, bu ucuz təbliğatdır. Amma nə qədər bəsit görünsə də, ermənilər buna bir çox xalqları inandırmağı bacarıb. Xüsusi planla, məqsədyönlü şəkildə Xocalı təbliğatı aparılmalıdır. İlk növbədə müəyyən nəticəyə nail olmalıyıq. Xarici təbliğat nəticəsində sadə xalqın faciədən təsirlənməsi təbiidir. Amma təbliğat apardığımız ölkələrin başçıları, səlahiyyətli nümayəndələri, mövzuya ciddi yanaşmalı, ədalətin tərəfini saxlamaqda daha diqqətli olmalıdırlar. Təəssüf ki, indi bu məsələdə ermənilər daha fəaldırlar. Onların daha çox saytları, televiziyaları, mətbuat orqanları bu işlərlə məşğuldurlar. İndiki məqamda Ermənistan rəhbərliyində təmsil olunan şəxslər həmin dövrdə faciəni törədənlər olduğuna görə Xocalı hadisəsini öz siyasətlərinin əsas elementlərindən birinə çeviriblər. O vaxt S. Sarkisyan və komandası çox böyük hərbi vəzifələr tutublar, bu qırğının da bilavasitə təşkilatçısıdırlar.
- Xocalı soyqırımında iştirak edən Rusiyanın 366-cı motoatıcı alayı haqqında Azərbaycanda ilk yazını da siz yazmısınız. Necə qarşılandı bu məqaləniz?
"Bəli, mən yazmışam. Bu hadisələrdən dərhal sonra həmin məqalə dərc olunub. 500 min tirajla "Xocalı-den pasledni” adlı xüsusi buraxılışlarla, rus dilində çap olunub. Yazını rus dilində nəşr etdirməyimdə məqsədim daha geniş əhatəyə çatdırılmasına nail olmaq idi. Artıq bundan sonra məqalə 20-yə yaxın dünya dilinə tərcümə olunub. Mən onu öz vətəndaşlıq mövqeyim kimi qələmə aldım. Adi jurnalist yazısı idi, amma görürsünüz, dünyanın 20-yə yaxın ölkəsində təkrar nəşr olundu.
Ona görə belə yazılarla davamlı çıxış etmək yararlıdır. İndi internet əsridir. Bir düyməni basmaqla bütün dünya monitorun qarşısına çıxır. Bu şəraitdən xeyrimizə istifadə etməliyik. Biz yaşlı jurnalistlərik, təcrübəmiz var, deyəcək sözümüz var, bu hadisələrin canlı şahidləriyik. Amma müasir gənclər bizdən ona görə üstündür ki, onlar xarici dillər bilirlər, texnologiyanı mənimsəyiblər. Onların əksəriyyəti xaricdə təhsil alıb, Azərbaycana qayıdıblar. Həmin gəncləri Xocalı təbliğatına daha çox cəlb etmək lazımdır. Gənclər gözləməsinlər ki, kimsə yaxşı qonorar verəcək, onlar da yazı, kitab yazıb, film çəkəcəklər. Bu hər kəsin vətəndaşlıq borcudur. Mümkün olan bütün vasitələrdən istifadə edib, Xocalı həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu 1-3-5 ilin məsələsi deyil, uzun illər davam edəcək bir mübarizədir.
Hazırladı: Aysel ASLAN