Ancaq yerində bina tikiləcəksə, gərək ərazinin relyefinə uyğun olsun, ərazinin terras forması pozulmasın
Görürük ki, bütün hündürmərtəbəli binaların bir və ikinci mərtəbələri ya ofis, ya da market, mebel evi üçün nəzərdə tutulur
Paytaxtda söküntü işləri hələ çox davam edəcək. Təkcə Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olduğu iddia edilən 219 binanın sökülməsi, onların yerində isə 12-17 mərtəbəli müasir binaların tikilməsi planlaşdırılır. Paytaxtda söküntü işlərinin aparılmasına dair bundan əvvəl də açıqlamalar verilib. Və bildirilib ki, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan, eləcə də paytaxtın ümumi görünüşünə xələl gətirən köhnə evlər, binalar söküləcək.
Mütəxəssislərsə sökülənlərin əvəzinə inşa ediləcək binaların tikintisinə həssaslıqla yanaşılmasını vacib sayırlar. Və bu fikirdədirlər ki, istənilən yeni tikinti ümumilikdə Bakının relyefinə, geoloji quruluşuna uyğun olmalıdır.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova da bu fikirləri bölüşür: Z.Budaqova hesab edir ki, paytaxtdakı bəzi ərazilərdə söküntü işlərinin aparılması labüddür, lakin tikintilərin də şəhərin memarlıq üslubuna uyğun aparılması vacibdir:
- Mən dəfələrlə fikrimi bildirmişəm ki, Bakıda elə yerlər var, orada abadlıq işlərinin aparılması, köhnə məhəllələrin, evlərin sökülməsi labüddür. Amma bu, şəhərin tarixi memarlıq üslubuna, ümumi görünüşünə xələl gətirən tikililərə aiddir. Söküntü işləri aparılır, ancaq görürük ki, sökülən evlərin yerində hündürmərtəbəli binalar tikilir. Bina tikiləcəksə, gərək ərazinin relyefinə uyğun olsun, ərazinin terras forması pozulmasın. Ümumilikdə Bakının quruluşu amfiteatr formasındadır. Amma bəzən plansız aparılan tikililər Bakının əzəli quruluşunu dəyişir. Şəhərin amfiteatr forması demək olar ki, yoxa çıxıb. Halbuki Bakı məhz bu relyef quruluşuna görə digər şəhərlərdən seçilirdi və gözəl idi. Hamı bilir ki, Bakının mərkəzi hissələrində torpağın qiyməti bahadır. Sahibkar torpağı alırsa, təbii olaraq gəlir əldə etmək istəyir və buna görə də ərazidə hündürmərtəbəli bina tikib mənzilləri baha qiymətə satır, binanın alt mərtəbələrini də baha qiymətə icarəyə verir. Görürük ki, bütün hündürmərtəbəli binaların bir və ikinci mərtəbələri ya ofis, ya da market, mebel evi üçün nəzərdə tutulur. Şəhərdə sıxlığın yaranmasına bir səbəb də budur. Binaların alt mərtəbələri satış obyektləri kimi icarəyə verildiyindən qarşısında daim avtomobillər dayanır. Bu da tıxacların, sıxlığın yaranmasına səbəb olur. Bütün yaşayış binalarının layihə sənədlərində həyət, ağaclar, istirahət parkı qeyd olunur. Elanlarda da bildirirlər ki, geniş həyəti, bağçası olacaq. Amma bina tikilib istifadəyə verildikdən sonra nə həyətdən əsər-əlamət görünür, nə də parkdan, ağaclardan. Şəhərdə söküləsi nə qədər evlər var. Çoxu da yaşayış üçün yararsız olanlardır. Əlbəttə, bu evlər sökülməlidir. Amma məsələ sökülən evlərin yerində nəyin, necə tikiləcəyidir. Nizamsız tikililərin əmələ gəlməsinin ən əsas günahkarı yerli icra orqanlarıdır. Çünki bəzi məmurlar vətəndaşdan rüşvət almaqla tikintiyə icazə verirlər. Vətəndaş da necə gəldi tikir. Nə qədər sakin yaşayış sahəsini genişləndirib. Nəyin hesabına? Bağçanın, həyətin, yolun. Biri eyvanı uzadır, biri mətbəx tikir, biri hamam. Sahə müvəkkili "haqqını” alır, adam da istədiyini edir.
Mən həmişə demişəm ki, urbanizasiya labüddür. Təkcə Bakıda yox, bölgələrdə də. O evlər ki, yararsız haldadır, onlar sökülməlidir, əhalisi də köçürülməlidir. Parklar, yaşıllıqlar salınmalıdır. Xüsusilə də aktiv sürüşmə zonalarında yaşıllıqların çox olmasına çalışmalıyıq. Aktiv sürüşmə zonalarında hündürmərtəbəli binaların tikilməsi təhlükəlidir.
Məlahət Rzayeva