İlham Əliyevin “Əl-Cəzirə”yə müsahibəsi ciddi rezonans doğurub

“Ermənistan bizim səbrimizi sınağa çəkməsin deyən dövlət başçısı bir növ həm işğalçı ölkəyə, həm də onu müdafiə edən dövlətlərə mesaj göndərib”




Məlum olduğu kimi, Prezident İlham Əliyev nüfuzlu "Əl-Cəzirə” televiziyasına müsahibə verib. Əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı suala cavab verən dövlət başçısı bildirib ki, Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir:

"Əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürülüblər. 

XX əsrin əvvəllərində bolşevik inqilabı nəticəsində Azərbaycan sovet imperiyasının bir hissəsinə çevrilib. Daha sonra sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edilib. SSRİ-nin dağılması ərəfəsində Ermənistan separatçıları Dağlıq Qarabağda separatçı hərəkata başlayıblar. Dinc azərbaycanlı əhaliyə qarşı hücumlar edilib, kəndlərimizi yandırıblar, evlərimizi dağıdıblar. Təkcə Dağlıq Qarabağı yox, ətraf yeddi rayonu da işğal ediblər. Bu təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrilib”. Prezident bildirib ki, beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etsələr də, əfsuslar olsun ki, qətnamələri qəbul edənlər öz qərarlarına hörmət etməyiblər: "20 ildən

artıqdır qətnamələr kağız üzərində qalmaqdadır. Biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, beynəlxalq təşkilatlar qərarlarına məhəl qoymurlar”. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrdən də danışan dövlət başçısı deyib ki, ölkəmiz enerji siyasətini uğurla həyata keçirir: "Şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz mövcuddur. Qara dənizlə birləşən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Ehtiyatlarımız qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilib. Biz Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik. Bu gün Avropanın ən nəhəng infrastruktur layihəsi hesab olunan "Cənub Qaz Dəhlizi”ni icra edirik. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar səviyyəsində qiymətləndirilir”.

Prezidentin fikirlərinə münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, dövlət başçısı mütəmadi olaraq xarici kütləvi informasiya vasitələrinə müsahibələr verir. Budəfəki müsahibə isə daha əhatəli idi: "Prezident müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunub. Dövlət başçısı Ermənistanın təcavüzkarlıq siyasətindən geniş bəhs edib. Bildirib ki, son zamanlar bəzi dövlətlərin, xüsusilə həmsədr ölkələrin Ermənistana himayədarlığı ucbatından işğalçı ölkə daha da həyasızlaşıb, danışıqlar masasında kənara çəkilib. Bu da problemin sülh yolu ilə həlli yolunda ciddi əngəllər yaradıb. Lakin Prezident İlham Əliyev qeyd edib ki, bunlar bizi əsla qorxutmur. Azərbaycan onsuz da əlindəki imkanlardan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Ölkə başçısı keçən ilin aprel döyüşlərinə istinad edərək vurğulayıb ki, Azərbaycan ordusunun nəyə qadir olduğunu Ermənistana sübut etdik. Ermənistan bizim səbrimizi sınağa çəkməsin deyən dövlət başçısı bir növ həm işğalçı ölkəyə, həm də onu müdafiə edən dövlətlərə mesaj göndərib”. Politoloq bildirib ki, Prezidentin "Əl-Cəzirə” televiziyasına müsahibəsi ciddi rezonans doğurub: "Bir sıra ölkələr Azərbaycan Prezidentinin bu çıxışını yüksək qiymətləndiriblər. İlham Əliyevin yüksək siyasi intellektə, geniş siyasi təcrübəyə malik olduğunu, dünyada gedən prosesləri dərindən bildiyini və bu mənada, öz ölkəsini uğurla idarə etdiyini qeyd ediblər. Prezident Azərbaycanda elan olunan "İslam Həmrəyliyi ili”nin geniş izahını verib. Müsəlman dövlətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Xristian Ermənistan dövləti müsəlman Azərbaycanının torpaqlarının 20 faizini işğal etməsinə İslam Əməkdaşlıq təşkilatı ciddi reaksiya versə də, bəzi qonşu dövlətlər Ermənistanla əməkdaşlıq siyasəti yeridərək müsəlman həmrəyliyinə hörmət göstərmirlər. Dövlət başçısı bəyan edib ki, islam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə bu il Azərbaycanda keçirilən İslam Oyunlarının ciddi töhfələri olacaq. Ona görə də Azərbaycan bu məsuliyyəti öz üzərinə götürüb”. Ekspert söyləyib ki, Azərbaycan bununla islam dünyasına öz töhfəsini vermək niyyətindədir: "Dövlətimiz bütün dünyaya nümayiş etdirmək istəyir ki, müsəlman ölkələri öz aralarında əməkdaşlığın yeni, orijinal və səmərəli formalarını qura bilər. Bu mənada, Bakıda keçiriləcək İslam Oyunları xüsusi əhəmiyyət daşıyır. Bu yarış həm də sivilizasiyalar arasındakı münasibətlərə töhfə olacaq”.

İsmayıl