“907-ci düzəliş” ləğv oluna bilər

“Tramp biznesmen olduğu üçün praqmatik siyasət yeridir”


Ermənistanda nəşr olunan "Lragir” qəzeti ABŞ-Azərbaycan münasibətlərində yeni dönəmin başladığını yazıb. Mətbu orqan vurğulayıb ki, Azərbaycanın İsraillə münasibətləri Bakı-Vaşinqton xəttində mühüm rol oynayır: "Məlumdur ki, Amerika "907-ci düzəliş”ə görə Azərbaycana silah sata bilmir. Lakin Azərbaycan İsraildən ən müasir silahları əldə edir.

Son zamanlar, İsrailin "Dəmir günbəz” sistemlərini Azərbaycana satdığı haqda məlumatlar çoxalıb. Bu sistemin kompleksləri ABŞ-da istehsal edilir və Amerika bunları Azərbaycana satmamalıdır. Bununla bağlı "Amerika Erməniləri Milli Konqresi” Ağ Evə şikayət edib, lakin nəticə yoxdur. Qəzet narahatlıqla Tramp administrasiyasının Azərbaycana qarşı olan "907-ci düzəliş”i ləğv etməyi düşündüyünü yazıb: "Bu, ABŞ-Azərbaycan-İsrail əməkdaşlığının qarşısındakı maneələrin aradan götürülməsi məqsədinə xidmət edir. "907-ci düzəliş”dən sonra İsrail Amerikada istehsal etdiyi digər silahları da Azərbaycana sata biləcək”. Mənbə birbaşa Vaşinqtonun gələcəkdə Azərbaycana silah sata biləcəyini də istisna etməyib. Xatırladaq ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən "907-ci düzəliş” Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edir. Nəticədə bu günə qədər ABŞ Azərbaycana birbaşa dövlət yardımı edə bilmir. Bunun əksinə işğal olunmuş torpaqlarımızda yaradılan qondarma rejimə Vaşinqton tərəfindən dəfələrlə maliyyə yardımı edilib. Qondarma rejimə ən çox dəstəyin Obama Administrasiyası dövründə olması da diqqətdən yayınmır. Məlumatlara görə, bunun əsas səbəbi Con Kerrinin ABŞ xarici siyasət kursuna rəhbərlik etməsi idi. Ancaq hazırda ABŞ-da situasiyanın dəyişdiyi haqda söhbətlər gəzir. Çünki yeni Prezident Donald Tramp "Amerika maraqları hər şeyin üzərindədir” prinsipini əsas götürür. Bu isə Vaşinqtonun regionda Ermənistanla deyil, məhz Azərbaycanla münasibətləri inkişaf etdirməsini şərtləndirir. 

Bu barədə "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Azərbaycanın əleyhinə olan "907-ci düzəliş”in ləğv olunma ehtimalı var. Amma ümumilikdə prosesin özü qəlizdir: 

"Bunu həyata keçirmək üçün mütləq mənada Konqresdə Azərbaycanı dəstəkləyən senatorlar qrupu olmalıdır. Diasporamız bu məsələdə çox işləməlidir. Tramp administrasiyasının təşəbbüsü müsbət addımdır. Hər şey Azərbaycan-ABŞ münasibətlərinin inkişafından asılı olacaq. Eyni zamanda Azərbaycan-İsrail əlaqələri də imkan verir ki, "907-ci düzəliş” zamanla ləğv edilsin. Bilirsiz ki, Senatda və Konqresdə, bütövlükdə Amerika siyasətində yəhudi lobbisi güclü təsirə malikdir. Bu məqamdan lehimizə istifadə edilə bilər. 

Ancaq hər bir halda gələcəkdə Tramp administrasiyası ilə rəsmi Bakının münasibətləri fonunda müsbət nəticə əldə etmək mümkündür. Çünki Tramp biznesmen olduğu üçün praqmatik siyasət yeridir və ölkəsinin maraqlarını hər şeydən üstün tutur. Qarşılıqlı maraqlar çərçivəsində bu məsələnin üstünə getmək olar. Lakin Amerikanın xarici siyasət konsepsiyası formalaşmayıb. Hələlik qeyri-müəyyənlik mövcuddur. ABŞ-ın prioritetləri bəlli olandan sonra bu haqda düşünməyə dəyər”.

İsmayıl