366-cı motoatıcı alayın şəxsi heyətinin böyük əksəriyyəti hazırda Rusiyada yaşayır
Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov jurnalistlərə açıqlamasında erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəydiyini bildirib.
Eyni zamanda 39 nəfərin Xocalı soyqırımında iştirakının tam sübuta yetirildiyini vurğulayan müstəntiqin sözlərinə görə, 39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləri olub.
O, həmçinin Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparıldığını da qeyd edib.
Qeyd edək ki, beynəlxalq hüquq normalarına görə soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli bilinən şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak da cinayət məsuliyyəti doğurur.
Bəs, onda Azərbaycan nəyi gözləyir? Sayları və adları bəlli olduğu halda Xocalı soyqırımını törədən, əli xocalıların qanına batan cəlladlar niyə hələ də məsuliyyətə cəlb olunmayıb?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Aleksandr Lapşinin həbs olunub Azərbaycana verilməsinə necə nail olduqsa, eyni qətiyyəti Xocalı soyqırımında iştirakı sübuta yetirilən insanlar barəsində də göstərə bilərik:
"Rusiya hazırda Azərbaycan qarşısında tələb qoyur ki, Lapşinə toxunmayaq və onu geri qaytaraq. Bizim də ixtiyarımız var ki, həmin insanların törətdikləri soyqırım aktına görə, qanun qarşısında cavab verməsinə nail olaq. Bunun üçün də Baş Prokurorluq həmin insanların harada yaşadığını öyrənməli və müraciət ünvanlamalıdır”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Xocalı soyqırımında iştirakı tam sübuta yetirilən 366-cı motoatıcı alayın zabit və gizirlərinin məsuliyyətə cəlb olunması məsələsində çox gecikirik. Bu məsələnin hər il Xocalının ildönümü ərəfəsində gündəmə gətirildiyini vurğulayan hərbçi-ekspert deyib ki, sonradan isə unuduruq:
"Sözügedən alayın komandiri Yuriv Zarviqorov, bir vaxtlar həmin alayın bölük komandiri vəzifəsini icra edən Seyran Ohanyan da sağdır. Biz ən azından İnterpol xətti ilə bu adamların məsuliyyətə cəlb olunması istiqamətində müvafiq addımlar atmalıyıq. Ülvi Əhmədov keçən il də bu faktları açıqlamışdı. Amma gəlin görək, ötən bir il ərzində Xocalı soyqırımında iştirakı tam sübuta yetirilən 39 nəfərdən neçəsinin məsuliyyətə cəlb olunmasına nail olmuşuq? Onların hər biri məsuliyyətdən kənardır. Biz bu məsələdə bütün gücümüzü ortaya qoymalı və prinsipiallıq nümayiş etdirməliyik. 366-cı motoatıcı alayın şəxsi heyətinin böyük əksəriyyəti hazırda Rusiyada yaşayır. Hətta bizim Rusiyada yaşayan soydaşlarımız arasında Yuriv Zarviqorovun yaşadığı ünvanı bilənlər də var. Faktiki olaraq bu adam ermənilərdən aldığı külli miqdarda pul qarşılığında Azərbaycan vətəndaşlarını soyqırıma məruz qoyub”.
Xocalı soyqırımında 366-cı motoatıcı alayın əksər şəxsi heyətinin iştirak etdiyini vurğulayan Ü.Cəfərovun sözlərinə görə, iştirakı sübuta yetirilən 18 nəfər ermənilərdən pul alaraq bu cinayəti törədənlərdir.
Şəymən