Üçtərəfli görüş QARA BAĞı açmadı

Nazirlərin Moskva görüşünün bir mənası var idi
Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi

Dünən Moskvada Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi aparılıb.

Toplantıda 2016-cı ilin mayında keçirilən Vyana, iyununda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib. Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Üçtərəfli danışıqlarda Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, üçtərəfli müzakirələrin nəticələri nazirlər tərəfindən başçılarına

məruzə ediləcək. Erməni ekspert Aykazn Qaqriyan deyib ki, Moskva görüşündə Ermənistan ilkin şərt kimi irəli sürdüyü atəşkəsə nəzarət mexanizmindən imtina etməyə məcbur edilib. Onun sözlərinə görə, Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq: "Atəşkəsə nəzarət mexanizmini Rusiya da istəmir. Məsələ ondadır ki, Moskva əvvəl bu məsələnin üzərinə o qədər getmirdi. Lakin indi məsələ fərqlidir. Türkiyə-Amerika yaxınlaşması Rusiyanı Azərbaycana yaxınlaşmağa məcbur edir. Buna görə də Ermənistanı üçtərəfli görüşə məcbur etdi və görüş ərəfəsində silahın növbəti partiyasını Bakıya çatdırdı”. Erməni ekspert Moskvada İrəvanın küncə sıxışdırıldığını vurğulayıb. Politoloqların fikrincə, qapalı keçirilən görüş yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Lakin hələlik konkret razılaşmalardan söhbət gedə bilməz. Görüşdə daha çox gələcəkdə prezidentlərin görüşü ilə bağlı müzakirələr aparılıb.

Görüş barədə danışan siyasi ekspert Elxan Şahinoğlu təşəbbüsün uğursuz alındığını bildirib: 

"Gözlənildiyi kimi, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticəsiz oldu. Görüşün yekunları ilə bağlı yayılan və heç bir məna ifadə etməyən 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir -”Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar”. Məgər prezidentlərin 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə, bu, bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi: - Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Kremlin əmin olub-olmadığını isə gələcək aylar göstərəcək”.

İsmayıl