Ərdoğan AKP-li deyil, MHP-li olsaydı belə, yenə böyük hədəfləri uğrunda çalışacaqdı
TürkiyəTürkiyənin Yüksək Seçki Qurumunun referendumla bağlı yekun nəticələri açıqlamasından sonra AKP-yə üzv olacaq Prezident Rəcəb Tayyib Ərdoğanın növbədənkənar qurultayında sədr seçilməsi gözlənilir.
Bu məqsədlə may ayının 20-dən sonra simvolik xarakterli qurultay keçiriləcək. Prezident ilk növbədə seçki nəticələrinin rəsmi qəzetdə dərc olunmasından sonra partiyaya üzv olacaq. Xatırladaq ki, ötən həftə Ərdoğan və Baş nazir Binəli Yıldırımın görüşündə bu mövzu gündəmə gəlib. O zaman Yıldırım Ərdoğana "Nə zaman istəsəniz AKP sədrliyindən istefa verərəm” deyə cavab verib. Türkiyə müxalifəti Prezidentin partiya sədri seçilməsinə qarşı çıxırlar və iddia edirlər ki, dövlət başçısının partiya mənsubiyyəti daşıması onun siyasi tərəf tutmasına səbəb olacaq. Ancaq əksər siyasi ekspertlər bunun əksini deyirlər. Onlar bildirirlər ki, Prezidentin partiyalı olması heç bir problem yaratmır. Əksinə, bir çox məqamlarda fayda gətirir.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, hər şey niyyətlərə bağlıdır. Niyyət düz olandan sonra şəxsin partiyalı və ya partiyasız olması heç bir mahiyyət kəsb etmir:
"Hansısa partiyaya mənsub olan bir Prezident bütün ölkəyə can-başla xidmət göstərə bilər. Türkiyənin mənafeyini güdməyən siyasətçi isə heç bir partiyadan asılılığı olmasa belə, ölkənin inkişafı, vahidliyi üçün çalışmayacaq. Türkiyənin, xüsusən, Rəcəb Tayyib Ərdoğan kimi siyasi bir liderin hədəflərini nəzərə aldıqda, onun partiya mənsubluğu çox kiçik məsələ olaraq qalır. Ərdoğanın çox böyük hədəfləri var və bu hədəf güclü Türkiyə deməkdir. İnanın ki, Ərdoğan AKP-li deyil, MHP-li olsaydı belə, yenə böyük hədəfləri uğrunda çalışacaqdı. Hesab edirəm ki, əhəmiyyət daşımayan kiçik məsələlərə baş qoşmaq lazım deyil. Yəni barmağa deyil, barmağın göstərdiyi istiqamətə baxmaq lazımdır”.
Politoloqun sözlərinə görə, Ərdoğanın siyasi partiyaya yenidən sədr gətirilməsi hakim partiyanın bütövləşməsi üçündür:
"AKP-nin içində müxtəlif maraqlar güdən qruplaşmalar mövcuddur. Onların arasında FETO tərəfdarları da gizlənib. Bunu qətiyyən diqqətdən kənar qoymaq olmaz. Həmçinin, partiya daxilində xarici xüsusi xidmət orqanlarına çalışan "agent”lər də ola bilər. Ona görə də AKP-də təmizlik işləri aparmaq və partiyanı siyasi mərkəz kimi vahid ideologiya ətrafında birləşdirmək üçün Ərdoğan şəxsiyyətinə böyük ehtiyac var”.
İsmayıl