“Məsələn, Ukraynada 1 küçədə 30 universitet var, bir binada 14 universitet yerləşir. Mən onları görmüşəm, tanıyıram.”
2016-cı ildə Təhsil Nazirliyi tərəfindən diplomu tanınmayan tələbələrin sayı açıqlanıb. Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında qeyd edilib ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil sənədlərinin tanınması və ekvivalentliliyinin müəyyən olunması məqsədilə 2016-cı ilin 11 ayı ərzində 2958 müraciəti (o cümlədən məzun olduqları ölkələr üzrə: Rusiya 1.090, Ukrayna 939, Türkiyə 302, Gürcüstan 123 və digər ölkələr üzrə 504) icraata qəbul edib.
Hesabat dövründə idarə tərəfindən əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla, ümumilikdə 2756 sənəd üzrə emal prosesi başa çatdırılıb və onlardan 1826 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə mənfi cavablandırılıb.
Aparılan təhlillər göstərir ki, icrası imtina ilə yekunlaşan ali təhsil sənədlərinin çoxunu MDB ölkələrinin məzunlarının təqdim etdiyi diplomlar təşkil edir. Həmçinin imtina səbəblərinin təhlili göstərir ki, məzunların əksəriyyəti ali təhsil müəssisəsinin tədris normativinə düzgün əməl etməmələri, tədris dili üzrə bilik səviyyələrinin aşağı olması və zəruri hallarda tədris dilində ixtisasa dair söhbətlər aparıldığı zaman ixtisas biliklərinin qənaətbəxş olmamasının aşkarlanması səbəbindən imtina alırlar.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bunun diplomaların qarşılıqlı tanınması haqda 2001-ci ildə qəbul edilmiş qərara zidd olduğunu dedi:
- Azərbaycanın qəbul etdiyi, imzaladığı bir sıra sənədlərə əsasən qarşılıqlı tanınmada iştirak edən ölkələrin diplomları tanınmalıdır. Amma Azərbaycan öz tərəfindən bu qaydalara bəzi əlavələr edib. Burada da Azərbaycanın mənafeyi nəzərə alınıb. Təhsil sənədinin tanınması üçün ilkin şərtlərdən biri budur ki, xarici ölkəyə təhsil almağa getmiş şəxslər - qiyabi təhsil alanlar minimum 26 gün, əyani təhsil alanlar minimum 96 tədris prosesində iştirak etməlidir, həmin ölkədə olmalıdır. Bu, irəli sürülən tələbdir. Bu tələbin pozulması əsas gətirilərək bəzən hətta ən nüfuzlu, təhsil reytinqində ilk onluqda olan universitetlərin diplomları da Azərbaycan tərəfindən tanınmaya bilir. Təhsil Nazirliyi müəyyən qədər haqlı olaraq bu tələbi irəli sürür.
Bilirsiz ki, son illərdə MDB məkanında, bizə qonşu ölkələrdə nə qədər ali təhsil müəssisələri yaradılıb. Sanki mini-marketlərdir. Məsələn, Ukraynada 1 küçədə 30 universitet var, bir binada 14 universitet yerləşir. Mən onları görmüşəm, tanıyıram. Orda təhsil alanlar kimlərdir? Azərbaycanlılar, qazaxlar, türkmənlər, özbəklər... MDB-dən diplom ardınca gələnlər. 3-4 ildə bir dəfə də ayaqları ora dəymir, təhsil haqqını poçtla göndərirlər, diplomu da poçt vasitəsilə alırlar. Bəzən tələbələrdən "təhsil aldığı” universitetin hansı küçədə, hansı binada yerləşdiyi soruşulur, cavab verə bilmirlər. Məsələn, Türkiyə xarici ölkələrdə təhsil almış tələbələrdən ixtisas üzrə imtahanlar vermələrini tələb edir. Bizdə isə imtahan yoxdur, tədris səviyyələri yoxlanır, bəzi suallar verilir. Mən bu prosesdə müəyyən hallarda qeyri-obyektivlik olduğunu istisna etmirəm. Lakin ümumilikdə Azərbaycanın mövqeyi də başadüşüləndir. Azərbaycanın rəqabətədavamlı kadrlara ehtiyacı var. Bir ildə məzun olanların sayı təxminən 40 mindir. Xaricdə təhsil alıb gələnləri də əlavə etsək, böyük bir rəqəm alınır. Bu qədər məzun üçün iş yeri tapmaq mümkün deyil. Ölkəyə isə keyfiyyətli kadrlar lazımdır. Burada 4 il bakalavr, sonra magistratura, doktorantura pilləsini başa vurub, tər tökən tələbələri bir kənara qoyub təhsil aldığı universitetin ünvanını bilməyənlərin diplomlarını tanıyıb onlarla eyni səviyyəyə qoymaq, əlbəttə, düzgün olmaz.
Məlahət Rzayeva