Müəllim olmaq istəyənlərin sayının artması onların repetitorluq arzusu ilə bağlıdır
Yoxsa dövlətin müəllimə verdiyi maaşı nəzərdə tutub heç kəs belə bir peşəyə sahib olmaq istəməz
Təhsil Nazirliyindən verilən açıqlamaya görə, müəllimlik ixtisasına olan maraq və bu peşəyə yiyələnmək istəyən abituriyentlərin sayı hər il artmaqdadır. 2016-cı ilin yekunlarına dair hesabatında bildirilib ki, 2015-ci ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 697 nəfər idisə, 2016-cı ildə bu say 280 nəfər artaraq 977 nəfər olub. Bu isə öz növbəsində 40 faiz artım deməkdir.
Beynəlxalq təcrübədə də çox düzgün qeyd edildiyi kimi, "Təhsil sisteminin keyfiyyəti müəllimlərin keyfiyyətindən artıq ola bilməz” reallığı göstərir ki, müəllimlərin yetişməsi üçün nə qədər səy göstərilərsə, bir o qədər təhsilin səviyyəsi yuxarı olar. Bu səbəbdən məzun olan şagirdlərin ən yaxşı nəticə göstərənlərin müəllimlik sahəsini seçməsi müsbət haldır. Ali məktəbə qəbulda 500 və yuxarı bal toplayan abituriyentlərə hər ay alınan təqaüdə əlavə olaraq Təhsil Nazirliyi 100 AZN təqaüd verir. Bununla daha çox abituriyentin bu ixtisası seçməsi təşviq olunur. Bu yolla həm nəticəsi yüksək olan, həm də ixtisasını sevən abituriyentlərin gələcəyin yaxşı müəllimləri olmalarına şərait yaradılır.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu müəllimlik ixtisasına olan marağın artma səbəblərini qeyd edib. Ekspertin sözlərinə görə, müəllimlik peşəsini seçən şəxslərin məqsədi onların gələcəkdə repetitorluq fəaliyyəti ilə məşğul olmalarıdır. Yoxsa dövlətin müəllimə verdiyi maaşı nəzərdə tutub heç kəs belə bir peşəyə sahib olmaq istəməz. Bu əsaslara görə də günü-gündən repetitor müəllimlərin sayı çoxalır:
"Hesab edirəm ki, 500-dən yuxarı bal toplayanlar özlərinə güvənən və kifayət qədər biliyi olan abituriyentlərdir. Mən Dövlət İmtahan Mərkəzində (DİM) İctimai Şuranın üzvüyəm və səlahiyyətimdən istifadə edib ora müəllimlər əlavə eləmək istəmişəm. Qrupda Azərbaycan dili və ədəbiyyatı üzrə kifayət qədər savadlı müəllimlər var. Onlar müəllim işləməkdən vaz keçiblər. Səbəb isə onların repetitorluq fəaliyyəti ilə lazımi qədər qazanc əldə etmələridir. Amma DİM müəllimlərə o pulu vermir. Təhsil Nazirliyinin verdiyi əməkhaqqı isə ümumiyyətlə saya-hesaba gəlməz. Yəni bu, ehtiyacı ödəyən bir məbləğ deyil. Həmin şəxslər gələcəkdə repetitorluq fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Yeganə səbəb bundan ibarətdir. Yoxsa hələ ki, müəllimə dövlət tərəfindən qayğı yoxdur”.
Yeganə Bayramova