Turistlərin özləri ilə gətirdiyi bələdçilər yanlış məlumatlar verə bilər
Malayziyanın Johor şəhərində Quran tədris kursunda azyaşlı uşaqların fiziki təzyiqə məruz qalmasından dindarlar da narazıdır. Din xadimləri, ilahiyyatçılar ibadət və ayinlərə riayət məsələsində nəinki azyaşlılara, hətta böyüklərə də təzyiq göstərilməsinin islama zidd olduğunu bildirir. Xatırladaq ki, Johor şəhərindəki Quran təlimi kurslarında döyülən şagirdlərdən biri xəstəxanada dünyasını dəyişib.
Lent.az-ın odatv-ə istinadən məlumatına görə, müdir müavini tərəfindən döyüldüyü iddia edilən 11 yaşlı uşağın ayaqları amputasiya edilib, bundan sonra isə o, vəfat edib.
Yerli mətbuat yazır ki, ölən uşaq və daha 14 sinif yoldaşının məktəbdə səs saldıqları üçün şlanqla döyüldüyü məlum olub. Ölən yeniyetmənin gündəliyində son yazdıqları isə ürək ağrıdır.
Uşaq gündəliyində məktəbdə bir nəfərin səhvinə görə bütün uşaqların cəzalandırıldığını və sübh namazına çətinliklə durduqları üçün hər dəfə döyüldüklərini, məktəbdəki sistematik döyülmə mexanizmindən bezdiyini dilə gətirib. Uşağın daha bir qeydi daha çox diqqət çəkir: "Sevgili Allah, nə olar, elə et ki, anam və atam məni başqa məktəbə göndərsinlər. Yoxsa buna artıq dözə bilmirəm”.
Hadisədə adı hallanan müdir müavini saxlanılıb. Lakin o, hər hansı açıqlama verməyi rədd edib.
Müdhiş olayla bağlı "Şərq”lə fikirlərini bölüşən ilahiyyatçı Hacı Atif İsmayılov bildirdi ki, islam dini zora, təzyiqə, məcburiyyətə qarşıdır:
- Bir halda ki, Uca Allah "Dində məcburiyyət yoxdur” buyurur (əl-yaşlı Bəqərə surəsi, 256-cı ayə), necə qəbul oluna bilər ki, kiçik yaşlı uşaqlara namaza gecikmək üstündə zor tətbiq edilsin, uşaqlar döyülsün?! Bu, qətiyyən qəbuledilməzdir və dinimizə ziddir. Təəssüf ki, bəzi müsəlman ölkələrində islam təlimləri islama zidd şəkildə tədris edilir. Dünyada dini radikalizmin yayıldığı
bir vaxtda insanları dini ibadətlərə məcbur etmək, zorla Quran təlimlərinə cəlb etmək radikalizmi daha da artırır. Fikrimcə, burada məkrli məqsədlər güdülür. 1 qrup adamlar uşaqları zombiləşdirmək, onları idarəolunan səviyyəyə çatdırmaq məqsədi güdür ki, sonra onlardan öz qara niyyətlərini həyata keçirmək üçün istifadə etsinlər. Çünki uşağı nəyəsə zorla məcbur etdikdə uşaqlıqda nəinki həmin işə, ümumiyyətlə insanlığa nifrət yaranır, uşaq qəddarlaşır. Qəddarlaşmış insanı isə istənilən hərəkətə sövq etmək mümkündür. Terrorçular belə meydana gəlir. İnsanlığa, bəşəriyyətə sevgisi qalmayan adam məmnuniyyətlə bədəninə partlayıcı bağlayıb terror aktı törədər. Övladın kiçik yaşlardan tərbiyələndirilməsi vacibdir. Əziz peyğəmbərimizin (s.ə.s) hədislərində buyurulur ki, övladlarınızı 7 yaşdan yuxarı tərbiyələndirin. Namaza, Qurana sövq edin ki, yuxarı yaşa çatdıqda çətinlik çəkməsinlər. Adicə bizim ailələrdə ata-analar övladlarını kiçik yaşlarda hansısa yüngül işləri görməyə sövq edir. Ata uşağı bəzən özüylə harasa aparar ki, uşaq görüb-götürsün. Qız uşaqlarına da anaları evdarlığı kiçik yaşlarından təlqin etmək istəyər. Bunlar hamısı gələcək müstəqil həyata hazırlıq mərhələsidir. İslam dini də belədir. Əlbəttə, kiçik yaşlarından namaza alışan, "Qurani-Kərim”in kiçik surələrini əzbərləyən uşaq üçün böyüdükdə bu ibadətləri icra etmək asan olacaq. Çünki əsası, dayağı var artıq. Ancaq bu heç də o demək deyil ki, hansısa ibadəti yerinə yetirmədiyinə görə uşağı döyəsən, ona əzab verəsən. Dinimiz bunu qətiyyən qəbul etmir. Namaz, oruc ibadətlərinin vacib buyurulduğu yaş dövrü var. Buna həddi-büluğ yaşı deyilir. Həddi-büluğa çatmış şəxsə ibadət vacibdir. Kiçik yaşlı uşaqların boynunda namaz vacibatı yoxdur. Amma kimsə bunu sevərək, ürəklə, könüllü edirsə, çox xoşdur. Heç bir halda uşağı ibadətə məcbur etmək olmaz. Uşaqları ibadətə alışdırmaq onları şövq etmək, həvəsləndirmək məqsədi daşımalıdır. İbadət uşaq üçün sevimli məşğuliyyətə çevrilməlidir, əzab-əziyyətə yox.
H.A.İsmayılov islam dininin zorakılıq deyil, şəfqət və mərhəmət daşıyıcısı olduğunu dedi:
- Bu gün radikalizmə meyillənənlər Əhli-beyt əqidəsindən kənar düşənlərdir. Məhz onlar məzhəbçilik yayır, zor, güc, qətl, terror yolunu seçirlər. Azyaşlı uşaqların zombiləşdirilməsi, qəddarlaşdırılması da bu məqsədə xidmət edir. Təsəvvür edin ki, terroru kimin törədəcəyini seçmək üçün püşk atırlar, kimə düşsə, deməli o, gedib hardasa partlayış etməlidir. Bəzi müsəlman ölkələrinin dini məktəblərində də radikalizm təbliğ olunur. Əslində, belə məktəblərdə uşaqlara zülm etməklə, onları radikallığa meyilləndirirlər.
Məlahət Rzayeva