"Ukraynaya müdaxilə Moskvaya çox baha başa gələ bilər"

Vəfa Quluzadə: “ABŞ konkret olaraq xəbərdarlığını edib”


Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki ordu birləşmələrinə təlimat verib. Putin ölkənin qərb və mərkəz hissələrində yerləşən ordu qüvvələrinin təcili döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Rusiya müdafiə naziri Sergey Şoyqu da mətbuata açıqlamasında təsdiqləyib ki, prezident ordunun müharibəyə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.

Məlumatlara görə, rus hərbi təyyarələri sərhəd boyu uçuşlar həyata keçirir. Krımda isə vəziyyət gündən-günə gərginləşir. Mərkəzi Ukrayna hökuməti tərəfdarları ilə Muxtar Respublikanın RF-yə birləşməsini istəyən rusmeyilli təşkilatlar arasında qarşıdurmalar davam edir. Rus tankları Krımın Ukrayna ilə əlaqə yaratmasına yardım edən Krasnoperekopsk bərzəxindən keçən bütün

yolları bağlayıb. ABŞ-ın dövlət katibi Con Kerri isə aydın şəkildə bəyan edib ki, Vaşinqton Rusiyanın Ukraynanın işlərinə qarışmasını istəmir. Dövlət katibi Moskvanı Ukrayna xalqının dəyişiklik istəyinə sayğılı olmağa çağırıb. Bildirib ki, Rusiya öz qiymətləndirmələrində olduqca ehtiyatlı olmalıdır. Ukrayna hadisələrini şərh edən bəzi ekspertlər ölkənin Moskvanın təsiri ilə bölünəcəyini desələr də, bu barədə "Şərq”in suallarını cavablandıran "Xəzər” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə Rusiyanın Ukraynaya hücum etməyə cəsarət etməyəcəyini bildirib.

- Sizcə, Ukrayna üçün ciddi təhlükə hesab olunan Rusiya hansı addımı atacaq? Kiyevə doğru hərbi müdaxilə gözlənilirmi?

- Rusiyanın Ukraynaya hərbi müdaxilə etmək üçün "əli qaşınır”. Müxtəlif hərbi manevrlər edərək, informasiyalar yayaraq, qırıcıları sərhəddə uçuraraq məkrli niyyətini bəyan etməyə çalışır. Amma ABŞ konkret olaraq Rusiyanı xəbərdar etdi ki, Ukraynaya müdaxilə Moskvaya çox baha başa gələ bilər. Həqiqətən bu belədir. Əgər Rusiya siyasi səhv edib Ukraynaya hücum edərsə, əmin olun, biz bu ölkənin çökməsini çox gözləməyəcəyik. Ona görə də Kremlin Ukraynaya birbaşa hərbi müdaxilə edəcəyini düşünmürəm.

- Krım qarışmış vəziyyətdədir. Bu bölgədə ikinci bir Abxaziya və ya Osetiya yaradıla bilərmi?

- Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya qarşı müharibə apara bilməməsinin bəlli səbəbləri var. Ukrayna Gürcüstan deyil, müharibə olsa belə, Rusiyanın məğlubiyyəti ilə bitəcək. Gürcüstanda Abxaziya və Osetiya əhalisini Rusiya çoxdan ələ almışdı. Amma ukraynalılar məmnuniyyətlə rusların əleyhinə döyüşür. Bu baxımdan, Rusiya Ukraynaya qarşı müharibəyə girişsə belə, bu, Rusiyanın məğlubiyyəti ilə bitəcək.

- Rusiyanın Avropa qapısı sayılan Ukrayna ilə son ipləri də qırılsa, Kreml hansı siyasəti izləyəcək?

- Düşünürəm ki, bundan sonra Ukraynanın gələcəyində Rusiyanın heç bir iştirakı olmayacaq. Çünki Rusiya hər zaman dağıdıcı rol oynayıb. Görün heç Fransada, Almaniyada, ABŞ-da şərq-qərb, şimal-cənub anlayışı varmı? Amma Ukraynada, Qərbi və Şərqi Ukrayna düşüncəsi var. Ukraynanın şərqini kim Rusiyaya meyilli edib? Düzdür, Ukraynanın şərqində Rusiyanın əlaqələri çox böyükdür və ciddi təsiri də var.

- Ukrayna ilə həmsərhəd olan Rusiya bu ölkənin şərqini öz əlinə ala biləcəkmi?

- İnanmıram ki, Rusiyanın buna imkanı çatsın. Amma bu cür təhlükələr var. Bəzi proqnozçular düşünür ki, Rusiya şanslarını əldən verməməlidir. Amma mən hesab edirəm ki, Rusiya orada heç bir şey edə bilməz. Ukrayna bir tərəfdən Rusiya ilə həmsərhəddirsə, digər tərəfdən Avropa və NATO ilə həmsərhəddir. Avropa və NATO Rusiyadan qat-qat üstündür və cəlbedicidir. Bu baxımdan Rusiyanın Ukrayna ilə həmsərhədliliyi Ukraynaya heç bir təsir göstərə bilməz.

- Ukraynadakı hadisələrin digər postsovet ölkələrinə keçmə ehtimalı nə qədərdir?

- Ukraynanın öz reallığı, digər MDB ölkələrinin isə öz reallıqları var. Ukraynada baş verənlər üçün gərək bu ölkənin tarixinə baxaq. Onda görərik ki, bu ölkədə 1960-cı illərədək müstəqillik uğrunda mübarizə aparıblar. Ondan sonra SSRİ-yə qarşı silahlı müqavimət göstərənlər məxfi fəaliyyətə keçib. Onların Ukrayna meşələrində silah anbarları var idi. Ona görə də Ukraynadakı vəziyyət digərlərindən ciddi surətdə fərqlənir. Bu baxımdan bu ölkədə baş verənlərin digər MDB ölkələrinə yayılacağı ilə bağlı deyilən fikirləri düzgün yanaşma hesab etmirəm. Amma bir şeyi deyim ki, uzunmüddətli durğunluq ölkədə ictimai partlayışa səbəb ola bilər. Odur ki, hər bir ölkə cəmiyyətdə partlayışın olmasını istəmirsə, mütəmadi olaraq islahatlar aparmalıdır. Əks təqdirdə, cəmiyyətdəki sosial partlayışlar qaçılmazdır”.

İsmayıl