Ombudsman martın 3-də hesabat verəcək

Səadət Bənənyarlı hələ ki, sərt danışmağa tələsmir


Mart ayının 4-də ombudsman parlamentdə hesabat verəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı hesabat parlamentin növbəti iclaslarında dinləniləcək. Qeyd edək ki, ombudsman Elmira Süleymanovanın son bir illik fəaliyyəti hesabatdan öncə rəyini öyrəndiyimiz hüquq müdafiəçiləri tərəfindən bəyənilməyib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı ombudsman Aparatının fəaliyyətini ancaq hesabat verəndən sonra düzgün qiymətləndirməyin mümkün olduğunu deyib: "Hələlik isə onlarla əlaqələrimiz fonunda deyə bilərəm ki, ombudsmanın daha yaxşı işlər görmək üçün əlində yetəri qədər səlahiyyəti var. Cəzaçəkmə müəssisələrində apardığımız monitorinqlər zamanı bizə müəyyən siqnallar verilirdi. Hansı ki, həmin məsələlərin həlli yalnız ombudsmanın səlahiyyətləri daxilində olur. Biz də məhz bu səbəbdən aparatla əlaqə saxlayaraq, ombudsman nümayəndələrinin həmin məhbuslarla maraqlanması üçün müraciət edirdik. Ombudsman Aparatının fəaliyyəti ilə bağlı indidən kəskin mövqe bildirmək istəmirəm, sadəcə onu deyə bilərəm ki, daha yaxşı işləyə də bilərdilər. Bu onların özündən asılıdır”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da sözügedən qurumun fəaliyyətinin heç də qənaətbəxş olmadığını deyib: "Elmira Süleymanova yaşlı qadındır. Onun fəaliyyətinə kölgə salmaq istəmirəm. Ancaq yalandan da tərifləyə bilmərəm. Faktiki, onların fəaliyyəti məni qane etmir. Ona görə ki, Ombudsman Aparatı həddindən artıq şişirdilmiş rəqəmlərlə çıxış edir. Bu bizə lazım deyil. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər bir insan baş verənlərə düzgün rəy verməyə çalışmalı, problemi problem olaraq ictimaiyyətə təqdim etməlidir. "Azərbaycanda insan haqları ilə bağlı heç bir problem yoxdur, bizim cəzaçəkmə müsəssisələrində saxlanma şəraiti Avropa ölkələrindən də qat-qat yüksək səviyyədədir” deməklə cəmiyyəti çaşdırmaq olmaz. Ən azından inandırıcı danışmaq lazımdır. Ombudsman Azərbaycanın İnsan haqları üzrə dövlət müvəkkili deməkdir. Həmin şəxs kifayət qədər böyük səlahiyyətlərə sahibdir. Hesab edirəm ki, tutduğu vəzifə çərçivəsində ombudsman insan haqları sahəsində çox iş görə, çox problemləri aradan qaldıra bilər. Amma biz bunların heç birinə şahid olmamışıq. Yenə deyirəm, Elmira xanıma böyük hörmətim var, onun fəaliyyətinə ləkə salmaq istəmirəm. Amma həqiqəti də dana bilmərəm. Bəzən bizim Komitəyə müraciətlər olur ki, Ombudsman Aparatı məhbusların şikayətinə baxmır. Halbuki onların hər bir məhbusun şikayəti ilə maraqlanmaq, onların problemlərini həll etmək səlahiyyətləri var və bu, onların borcudur”.

Hüquq müdafiəçisi İradə Cavadova da ötən bir il ərzində Ombudsman Aparatının hansısa yaddaqalan, müsbət fəaliyyəti olmadığı qənaətindədir: "Sözün düzü, ombudsmanın son illik fəaliyyəti ilə o qədər də yaxından tanış deyiləm. Ombudsmanın fəaliyyəti daha çox cəzaçəkmə müəssisələri və təcridxanalarda məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. İctimai Komitənin üzvü olmadığım üçün artıq bir neçə ildir ki, təcridxanalarda monitorinqlər aparmıram. Bu səbəbdən də ombudsmanın bu istiqamətdəki fəaliyyəti ilə yaxından tanış deyiləm. Sadəcə məndə olan məlumatlara görə, bu sahədə vəziyyət o qədər də qənaətbəxş deyil. Heç də respublika ərazisindəki cəzaçəkmə müəssisələrinin hamısında saxlanma şəraiti qənaətbəxş deyil. Köhnədən qalma müəssisələrdə məhbusların hüquqları hələ də kobud şəkildə pozulur”.

Ombudsmanın insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətinə gəldikdə isə İ.Cavadova bu istiqamətdə qurumun hansısa təqdirəlayiq addımının olmadığını vurğulayıb: "Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində saxlanılan jurnalist Pərviz Həşimlinin işgəncələrə məruz qalması ilə bağlı müntəzəm olaraq mətbuatda məlumatlar yayılır. Hətta bu fakt dəfələrlə onun özü və vəkili tərəfindən bəyan edilib. Bütün bunlara rəğmən ombudsmanın bu məsələ ilə bağlı hər hansı açıqlamasına rast gəlməmişəm. Qurum hələ ki, susur. Həmçinin bu yaxınlarda Bakı Dövlət Universitetinin kəsirə görə etiraz edən tələbələrindən bir neçəsi saxlanılaraq polis bölməsinə aparılmışdı. Hətta BDU-nun rektoru ilə görüş zamanı tarix müəlliminin ondan rüşvət tələb etdiyini deyən tələbə də Nəsimi Polis İdarəsinə aparılmışdı. Bu faktla bağlı da ombudsmanın heç bir bəyanatının şahidi olmadıq. Hesab edirəm ki, haqlı olaraq öz etirazlarını normal şəkildə

rektora çatdıran tələbələrə qarşı bu cür rəftar birmənalı şəkildə insan haqlarının pozulmasıdır və aidiyyəti qurum olaraq Ombudsman Aparatı buna sərt reaksiya verməli idi. Bir şeyi də qeyd edim ki, əmlak məsələləri ilə bağlı müraciət edən vətəndaşlara Ombudsman Aparatından bu məsələnin onlara aid olmadığı deyilir və məhkəmələrə müraciət etmək tövsiyə olunur. Çox istərdim ki, bu cür məsələlər də Aparatın hesabatına salınsın. Çünki bu sahədə ciddi hüquq pozuntuları və hüquqlarının qorunmasına ehtiyacı olan insanlar var”.

Hələ də ölkədə insan hüquqlarının pozulması kimi halların davam etdiyini deyən vəkilin sözlərinə görə, son zamanlar intiharların kəskin şəkildə artması da ombudsmanı narahat etməli və o, bu problemin həlli ilə bağlı öz təkliflərini ictimaiyyətə açıqlamalıdır. Ancaq ölkədə intihar hadisələrinin tüğyan etməsinə rəğmən biz ombudsmanın bu istiqamətdə hansısa addım atmasının şahidi olmamışıq. Bu isə məndə ancaq təəssüf doğurur”.

Şəymən