Jurnalist dost, kartın var?

Həmkarlarımızın Ziya Məmmədovun avtobuslardakı islahatlarına etibarı azdır


Bir müddətdir ki, paytaxtda, sərnişindaşıma avtobuslarında ödənişlərin kart sisteminə keçidi başlanıb. Amma proses hələ ki, sona çatdırılmayıb. Yəni sistem bütün marşrutlar üzrə işləyən avtobuslara tətbiq olunmayıb. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, indiyə kimi 750 avtobus yeni sistemə keçib. Qalan marşrutlarda prosesin ilin sonuna kimi yekunlaşdırılacağı bildirilir. Söz yox ki, yeniliyin müsbət tərəfləri çoxdur. Marşrutdan gündəlik istifadə edən hər kəsə məlumdur ki, indiki, "əldən-ələ pul ödəmə” sistemi sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından əlverişsizdir.

Çünki sürücülər daha çox sərnişin yığmaq və 20 qəpik artıq qazanmaq üçün ötüşə çıxırlar. Sürücülərin 20 qəpik uğrunda "mübarizəsinin” bütün günü şahidi oluruq. Bu yarışma ən yaxşı halda sürücülərin sərnişinləri nəzərə almadan söyüşməsi ilə nəticələnir. Əksər hallarda insan tələfatına gətirib çıxarır. Sürücülər sərnişinlərə insan kimi deyil, 20 qəpik kimi baxır. Sərnişinlərin etirazlarına və umu-küsülərinə bir cavab olur: "Axşama plan ödəməliyəm”. Bu cavabdan sonra da sərnişinlər abırlarına qısılıb susurlar. Dəyişikliyin digər bir effektiv üstünlüyü ondan ibarətdir ki, kart sisteminin tətbiqindən sonra sərnişindaşıma avtobuslarından gələn gəlir ayrı-ayrı şəxslərin cibinə deyil, dövlət büdcəsinə gedəcək. Spekulyativ xarakterli müəyyən hallara son qoyulacaq. Üstəgəl, təzə sistem sürücünün fikrinin yayınmasının qarşısını alacaq. Çünki yolboyu sürücü 20 qəpik hesabı edir. Fikri pul yığmaqda olur. Bununla belə bütün məsələlərdə olduğu kimi bu yenilik barədə də cəmiyyətdə birmənalı rəy yoxdur. Məsələ gündəmə gələndən müxtəlif fikirlər səslənir. Dəyişikliyin müsbət effekt verəcəyini düşünənlərlə yanaşı, yeni mexanizmin ölkəmizdə işləməyəcəyini söyləyənlər də az deyil.

Xatırladaq ki, kartların qiymətləri 3 manatdır. 2 manatı sığorta depozitidir. 1 manat isə karta gediş haqqı kimi yüklənir.

Maraqlıdır, bəs görəsən, hazırda bu kartlardan istifadə edənlər varmı? Yeni sistemə keçid paytaxt marşrutlarındakı vəziyyəti yaxşılaşdıracaqmı? Suallarımıza cavab tapmaq üçün avtobuslardan gündəlik istifadə edən gənc jurnalistlər arasında sorğu keçirdik.

"Olaylar” informasiya agentliyinin əməkdaşı Mənsur Cəfərov kartdan istifadə etmədiyini bildirdi: "Hələ ki, almaq fikrində deyiləm. Avtobusların hamısı kart sisteminə keçəndən sonra, bu haqda düşünəcəm. Bakıdakı insan sıxlığını və şəhərdaxili avtobusların yaxşı vəziyyətdə olmamasını nəzərə alsaq, kart sistemi bir sıra problemlər yaradacaq. Problem avtobuslardakı sıxlıqda özünü daha qabarıq formada büruzə verəcək”.

M.Cəfərov hesab edir ki, kart sisteminə keçmək üçün daha irihəcmli avtobuslar gətirilməlidir: "Belə olan halda avtobusda ödəniş haqqının yerinə yetirilməsi üçün sıxlıq yaranmayacaq. Kiçik həcmli avtobuslarla yeni sistemə keçilsə, tıxac problemi daha dözülməz xarakter alacaq”.

"Mövqe” qəzetinin əməkdaşı Mübariz Bayramov sualımızı belə cavab verdi: "Kartım yoxdur. Hələlik zərurət görmürəm. Çox yerə metro ilə gedirəm. Sistem bütün avtobuslara tətbiq olunsa, kart almaq barədə düşünərəm”.

Həmkarımızın qənaətinə görə, kart sisteminə keçidlə bağlı müəyyən problemlər yaranacaq: "Başlıca əngəl sürücülərin maaş məsələsi olacaq. Sürücülər üçün əlavə stimullaşdırıcı tədbirlər görülməlidir. Sistemə keçilsə, dayanacaqdan kənar saxlamaq mümkün olmayacaq”.

M.Bayramov düşünür ki, kartdan avtobuslarla yanaşı, metroda da istifadə olunması yaxşı hal olardı: "Bu, beynəlxalq təcrübədə də var. Üzərimizdə 2 kart gəzdirmək çətin olacaq”.

Tıxaclardan söz açan jurnalist dedi ki, yeni sistemin tətbiqinin ilk aylarında avtobuslarda sıxlıq daha da artacaq: "Mexanizm tam oturuşandan sonra tıxacın azalmasına köməkliyi dəyə bilər”.

"Ədalət” qəzetinin əməkdaşı Rüfət Soltan da kartdan istifadə etmədiyini söylədi: "Dəyişikliyin səmərəli olub-olmaması barədə praktik olaraq heç nə deyə bilmərəm. Zənn edirəm ki, kart sisteminin olması, sadəcə estetik zövq bəxş edə bilər. İctimai nəqliyyatda səliqə yaradar”.

Sərnişin sıxlığı və ya sürücü kobudluğunun azalmasında kart sisteminin roluna gəldikdə isə, gənc jurnalist qeyd etdi ki, bunun heç bir əhəmiyyəti yoxdur: "Kart sisteminin sözügedən problemləri aradan qaldıracağına inanmıram”.

Gənc jurnalist Məmmədsan Həsənov da kart almadığını söylədi: "Yaxın günlərdə almaq istəyirəm”.

Həmkarımızın sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş ölkələrində sərnişinlərin rahat gedişini təmin etmək üçün kart sistemindən istifadə edilir: "Sistem şəhərdaxili bütün avtobuslara yerləşdirilərsə, ən azından sürücülər bir-biri ilə rəqabət aparmaz. Öz qrafikləri istiqamətində müəyyən edilmiş vaxtlarla işləyərlər. Bu da sərnişinlərin təhlükəsizliyinə və rahatlığına müsbət təsir göstərər. Kart sistemləri bütün avtobuslarda yerləşdirilərsə, onlara güclü nəzarət olarsa, sərnişinlər və avtobuslar arasında tıxac yaranmaz”.

Sistemin kiçiktutumlu avtobuslara yerləşdirilməsinə toxunan jurnalist bildirdi ki, bu, mövcud vəziyyəti heç də dəyişdirməyəcək: "Çünki bu cür avtobusların hərəkət etdiyi istiqamətlərin bir çoxunda sərnişinlərin sayı həddindən artıq yüksəkdir. Mikroavtobuslar onlara tam xidmət etmək qabiliyyətində deyil”.

SƏS Media Qrupunun Xəbərlər şöbəsinin müdiri Ceyhun Rasimoğlu deyib ki, günü-gündən inkişaf edən Azərbaycanda bütün sahələrlə bərabər nəqliyyat sektorunda da böyük inkişaf və tərəqqi hökm sürməkdədir: "Məhz bunun nəticəsidir ki, son vaxtlar ölkəmizə xaricdən idxal olunan avtomobillərin sayı da durmadan artır. Ölkəmizin nəqliyyat infrastrukturunda böyük inkişaf yaşanmaqdadır. Təəssüf doğuran məqam avtomobillərin sayının çoxalması və nəticədə Azərbaycanın bütün regionlarında, xüsusilə paytaxt Bakıda avtomobil tıxaclarının meydana gəlməsidir. Demək olar ki, şəhər sakinləri hər gün bu kimi hallarla rastlaşırlar. Lakin Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən 750 sərnişin avtobusunun kart sisteminə keçid etməsi, inanıram ki, yollarda böyük tıxacların qarşısını alacaq”.

C.Rasimoğlu onu da əlavə etdi ki, indiki halda avtobuslar sərnişinlərin istəklərinə uyğun hərəkət edirlər: "Belə ki, onlar avtobusu dayanacaqlarda deyil, məhz sərnişinlərin dedikləri yerdə saxlayırlar ki, bu da böyük tıxaca səbəb olur. Kart sisteminin tətbiqi sərnişindaşıma nəqliyyatının və sərnişinlərin işini daha da asanlaşdıracaq. Bu baxımdan yeni sistemin tətbiqini çox yüksək qiymətləndirirəm”.

"525-ci qəzet”in əməkdaşı Ramil Əhməd yeni sitemin tətbiqinin lehinə olduğunu bildirdi: "Dünya praktikasında ictimai nəqliyyat, market, restoran və digər yerlərdə artıq nağd pulla deyil, kartla ödənişə üstünlük verirlər. İctimai nəqliyyatda kart sistemindən istifadə sayəsində bir çox ölkələrdə müəllimlərə, tələbələrə güzəştlər edilir. Bizdə isə belə güzəştlər yoxdur. Kartım olmasa belə, sistemi təqdir edirəm. Lakin cəmiyyətimiz buna hazır deyil. Məsələn, 2007-ci ildən metroda kart sisteminə keçmişik. İndi 2014-cü ildir. 7 il ötüb. Amma hələ də kartı olmayan sərnişinlər var. Hələ də qəpik verib kiminsə kartından istifadə edənlər mövcuddur”.

"Bakumediya”.az saytının redaktoru Toğrul Vəlibəyli isə sistemlə bağlı bunları deyib: "Kart almamışam. Çünki getdiyim istiqamətdə istifadə olunmur. Kart sisteminə keçid arzuolunandır. Lakin bəzi problemlər var. Ən əsası isə karta minimum 1 manatın vurulmasıdır”.

Jurnalist Ayaz Ələkbərovun fikrincə, avtobusların kart sisteminə keçidi sərnişinlərin də rahatlığına səbəb olacaq: "Sərnişinlər” sürətli gedən və yarışan avtobusların qurbanı olmayacaq. 20 qəpik üçün sürücü söyüşləri eşitməyəcəyik.

Qəzaların sayı azalacaq. Kart sisteminə keçilməlidir ki, insanlar da rahat hərəkət etsinlər”.

Gənc jurnalist Elçin Quliyev bildirdi ki, sürücülərin qəza törətməsinə səbəb avtobusların qəpiklərlə işləməsidir: "Kart sisteminə keçid hər yaşdan olan insanlar üçün münasibdir. Kart sistemi yaxşıdır. Həm təmizlik, həm də rahatlıq olacaq”.

Gənc jurnalist Saleh Hacıyev dedi ki, kart sisteminin sərnişinlərə o qədər də xeyri olmayacaq: "Bilirsiniz ki, avtobuslar həmişə basırıq olur. Düşmək üçün növbə gözləmək, kartla keçmək zaman alacaq. Əzilən sərnişinlər olacaq. Ona görə də yeni sistemin uğur qazanacağını düşünmürəm”.

Ayyət Əhməd