“Gülən camaatı” Azərbaycanın da başağrısına çevrilə bilər

"Dinlənilmələrlə bağlı vətəndaşlarımızın adı hallanıbsa, nazirlərimizin də adının çəkilmə təhlükəsi realdır"


Türkiyədə dövlət içərisində dövlət qurmaq istəyən qüvvələrin telefonlarını dinlədikləri jurnalistlərin adları açıqlanıb. Dövlətlə paralel olaraq fəaliyyət göstərən təşkilat aralarında jurnalistlərin, QHT üzvlərinin, siyasətçilərin, alimlərin və bürokratların da olduğu 7 min adamı dinləyib.

Həmin şəxslərin arasında bir neçə azərbaycanlı şəxsin də adı var.

Məsələni "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu məsələnin kifayət qədər təhlükəli proses olduğunu deyib: "Səhv etmirəmsə, dinləmələrdə 7000 nəfərin adı hallanıb. Həmin siyahıda adı olan azərbaycanlıların da görünür, kimlərləsə danışığı diqqət çəkdiyi üçün onların da telefon danışıqları izlənilib. Adı həmin siyahıda olan azərbaycanlılardan bir neçəsinin adını oxudum ki, onların əksəriyyəti Türkiyədə yaşayıb, fəaliyyət göstərir. Yəni hamısının Türkiyə ilə birbaşa bağlılığı var”.

Məsələnin özlüyündə tamam başqa mahiyyət daşıdığını vurğulayan politoloqun sözlərinə görə, dinlənilən şəxslər arasında azərbaycanlıların da yer almasından belə çıxır ki, Ərdoğanın iddia etdiyi Türkiyə daxilində dövlətlə paralel olaraq fəaliyyət göstərən təşkilatın Azərbaycanla da bağlılığı var. Hesab edirəm ki, dolayı da olsa, bu məsələdə azərbaycanlıların adının hallanması "Gülən camaatı”nın Azərbaycan üçün faktiki təhlükə olduğunu göstərir”.

Bu təhlükədən ehtiyatlanmağa əsas olub-olmadığına gəldikdə isə E.Şahinoğlu deyib ki, əgər həmin siyahıda artıq dörd Azərbaycan vətəndaşının adı hallanıbsa, nazirlərimizin də adının çəkilmə təhlükəsi realdır. Düşünürəm ki, bu hadisə Azərbaycanla bağlı da müəyyən problemlər yarada bilər. Bir şeyi də diqqətdən kənarda qoymayaq ki, "Gülən camaatı”nın ən böyük şəbəkəsi məhz Azərbaycanda yerləşir.

Bu dinləmələrin Türkiyə-Azərbaycan münasibətlərinə elə bir ciddi təsir etməyəcəyini vurğulayan E.Şahinoğlunun sözlərinə görə, baş verənlərdə Türkiyə siyasi hakimiyyətinin və güc strukturlarının heç bir rolu yoxdur: "Bu özünü cəmiyyətə "Gülən camaatı” kimi təqdim edən toplumun əməlləridir. Onların isə Türkiyə dövləti ilə heç bir bağlılığı olmadığı üçün bu məsələnin hər hansı bir formada Türkiyə-Azərbaycan münasibətlərinə zərər gətirəcəyini güman etmirəm. O başqa məsələdir ki, "Gülən camaatı”nın Azərbaycanda bu qədər geniş şəbəkə qurması öz fəsadlarını göstərəcək. Hesab edirəm ki, onların fəaliyyətini nəzarətə götürmək lazımdır ki, Azərbaycan daxilində problemlər yaratmasınlar.

Şəymən