"Cümhuriyyətlə bağlı xaricdəki sənədlər, nadir əşyalar Azərbaycana gətirilib, çap olunsun" - Mühüm təklif

Ceyhun Nəbi: “Millətimizin qürur mənbəyinə çevrilmiş şəxsiyyətlərin məzarları qərib yurdlarda uyuduqca, nə onların ruhu, nə də ki onları sonsuz dərəcədə sevən insanlar rahat ola bilərlər"




2017-ci ilin sonunda Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladı. Ardınca dövlət başçısı tərəfindən 2018-ci il "Cümhuriyyət İli” elan edildi. Artıq cari ilin üçüncü ayını yarılamışıq. 2 ay yarımdan sonra, yəni may ayında həmin şanlı tarixin, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının 100 illik yubileyi tamam olacaq. 

Ötən müddət ərzində AMEA və bəzi siyasi-ictimai təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilib. İlin sonuna kimi əlamətdar günlərdə silsilə tədbirlərin planlaşdırıldığı da deyilir. Görülən işlər ümumi halda təqdirəlayiq hesab edilsə də, gedişatla bağlı cəmiyyətdə müəyyən səbirsizlik də mövcuddur. Əksəriyyət hesab edir ki, ölkə başçısı tərəfindən verilən sərəncamlar müvafiq dövlət qurumları tərəfindən daha yüksək səviyyədə icra edilməlidir. 

Mövzu ilə bağlı "Şərq”ə danışan Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin rəhbəri, tədqiqatçı Ceyhun Nəbi daha çox işlərin görülməsini zəruri hesab edənlərdəndir...

- Ceyhun bəy, Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı verilən Sərəncamı, xüsusən 2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsini necə dəyərləndirirsiz?

- Azərbaycan Cümhuriyyətinin qurulmasının mötəbər 100 illiyinin qeyd edilməsi varis olaraq bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, Sərəncamın verilməsi yaxşı bir məqamdır. Amma təəssüflər ki, bu istiqamətdə görülən işlər o qədər də qənaətbəxş deyil. Bakıda, Gəncədə və digər şəhərlərdə Cümhuriyyət qurucularının şərəfinə abidələrin ucaldılması mütləqdir. 100 illikdə onların əziz xatirələrini xüsusi olaraq yad etmək birinci dərəcəli məsələdir.

- İlin üçüncü ayını yarılamışıq. Sizcə, 2018-ci ilin sonuna qədər ciddi işlər görüləcəkmi?

- İndidən dəqiq söz demək olmaz. Yubileyə qədər qarşıda 3 ay var. Ümid edirəm, az da olsa nələrsə ediləcək. Bu mövzuda çoxlu sayda kitabların çap olunacağına daha çox ümidliyəm.

- Bir sıra tarixçilər hesab edirlər ki, AXC-nin yüzilliyi ilə bağlı sadəcə tarixçi-alimlər məşğul olmalıdır. Bu cür yanaşmaya münasibətiniz necədir?

- Mən elə hesab etmirəm. Azərbaycan Cümhuriyyəti bu millətə məxsusdursa, hər bir vətəndaş onun haqqında söz deyə, yaza, sevə və yaxud tənqid edə bilər. Azərbaycan Cümhuriyyəti nə qədər tarixə çevrilsə də, eyni zamanda bu günümüz, qürurumuz və gözəl bir örnəyə çevrilmiş nümunəmizdir. Cümhuriyyət haqqında sadəcə elm adamları və tarixçilər söz demək haqqına sahib deyil. Bütün toplum bu haqqa sahibdir.

- Yubileyin təntənəli keçməsi üçün abidə, park, film və s. təkliflər gündəmdədir. Tədqiqatçı kimi sizin konkret təklifləriniz varmı?

- Bəhs edilənlər ümumi təkliflərdir və hamısı mütləq lazımdır. Mənim xüsusi təklifim bu ola bilər ki, Azərbaycan Cümhuriyyəti və ondan sonrakı dönəm, yəni siyasi mühacirətlə bağlı mühüm sənədlər, nadir əşyalar və bir sıra xüsusi əhəmiyyət kəsb edən dərgi və jurnallar xaricdən Azərbaycana gətirilsin və ölkəmizdə çap olunsun.

- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi müzakirə mövzusudur. Lakin bununla bağlı birmənalı fikir yoxdur. Dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da var. Bu barədə sizin düşüncəniz nədir?

- Mən də məzarların gətirilməsinin tərəfdarıyam. Qəbirlər məzar daşları ilə birlikdə olduğu kimi Azərbaycana köçürülməlidir. Millətimizin qürur mənbəyinə çevrilmiş şəxsiyyətlərin məzarları qərib yurdlarda uyuduqca, nə onların ruhu, nə də ki onları sonsuz dərəcədə sevən insanlar rahat ola bilərlər. Vətən və onun azadlığı uğrunda çarpışmış insanların yeri öz yurdlarıdır. Mən o günü səbirsizliklə gözləyən insanlardan biriyəm.

- Rəmzi "Cümhuriyyət məzarlığı”nın yaradılması da təklif olunur...

- Bu təklifi də yaxşı qiymətləndirirəm. Azərbaycan Cümhuriyyətinin xüsusi günlərində, bayramlarda millətin üz tutduğu, ziyarət etdiyi, toplaşdığı bir məkan olmalıdır. Bunun çox böyük əhəmiyyəti var.

- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq fəaliyyəti hazırlanır. İki qardaş ölkə bu istiqamətdə ciddi iş görə bilərmi?

- Türkiyə və Azərbaycan qardaş, çox yaxın münasibətdə olan ölkələrdir. Bizlər hər zaman çətin və ağır günlərdə bir-birimizin yanında olmuşuq. İnanıram ki, hər zaman belə olacaq. Bu yaxınlarda İstanbulda Nuri Paşanın adına park açıldı. Bu çox sevindirici və qürurverici bir məqam idi. Bizim qardaşlığımızın böyük simvoluna çevrilmiş Nuri Killigil paşanın əziz ruhunu şad etmək, xatirəsini anmaq 100 illik yubiley ərəfəsində böyük hadisə idi. Bakıda da bu tipli işlər görülərsə, bizi çox sevindirər. Millətin böyük istəyi var.

İsmayıl