Ermənistan tamamilə təcrid olunur

Cənubi Qafqazda yeni dördlü platformanın yaranması böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir





"Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir”. Bunu ötən gün Bakıda keçirilən 6-cı Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev deyib. Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işləri nazirlərinin paytaxtımızda reallaşan ilk görüşü barədə danışan dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və İran regional əməkdaşlığı uğurla davam etdirirlər: "Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Keçən ilin oktyabrında açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə iki həftə ərzində Asiyadan Avropaya yükləri daşımaq mümkündür. Asiya və Avropadan olan tərəfdaşlar artıq bu dəmir yolundan istifadə edirlər və dəmir yoluna maraq artmaqdadır”. Prezident qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: 

"Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır”. Dövlət başçısının diqqət çəkdiyi "regionda sülh və sabitlik” məsələsi çox önəmli məqamdır. Qonşu ölkələrin mütəmadi olaraq Bakıda görüşməsi, üçtərəfli və ya dördtərəfli görüşlər keçirməsi də bölgənin məhz siyasi-iqtisadi sabitliyinə xidmət edir. Xüsusən, dörd qonşu ölkənin xarici işlər nazirlərinin ilk dəfə olaraq bir araya gəlməsi və regionda sülh məsələsini müzakirə etməsi mühüm önəm kəsb edir. Martın 15-də reallaşan görüşdə nazirlər regionda sabitliyin zəruri olduğunu vurğulayaraq, dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı gücləndirməyin yollarını müzakirə ediblər. Toplantıda ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunub və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklər qeyd edilib. Həqiqətən də, Azərbaycan tərəfinin müntəzəm olaraq irəli sürdüyü təşəbbüslər, həmin təşəbbüslərin reallaşdırılması məqsədilə atdığı addımlar həm regional, həm də beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İstər siyasi, istər iqtisadi, istərsə də humanitar səhələri əhatə edən bu təşəbbüslər dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir. 

Bu təşkilatlar sırasında BMT-nin, ATƏT-in, NATO-nun Azərbaycanla bağlı mövqelərini, Bakının dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsini aydın şəkildə görmək mümkündür. Məsələn, Azərbaycan uzun illərdir ki, NATO-nun sülhyaratma missiyasının tərkibində layiqli yer tutaraq dünyanın münaqişəli bölgələrində, xüsusilə Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasında yaxından iştirak edir. Təsadüfi deyil ki, elə bir müddət əvvəl Azərbaycan rəhbərliyinin Brüsseldə, NATO-nun mənzil qərargahında keçirdiyi görüşdə də bu fikir öz təsdiqini tapdı. Hərbi Alyans rəhbərliyi Azərbaycanın bu istiqamətdəki fəaliyyətini, oynadığı rolu yüksək dəyərləndirdi. Azərbaycanın regional sülhə verdiyi töhfə yalnız hansısa sülhməramlı missiyaların tərkibindəki uğurlu və davamlı xarakter daşıyan fəaliyyətlə kifayətlənmir. Paralel olaraq Azərbaycanın ev sahibliyi etdiyi bir neçə beynəlxalq əhəmiyyətli görüşlər, toplantılar da bu baxımdan əhəmiyyətli hesab edilir. Bunun əyani sübutu kimi son illərdə bir neçə dəfə Bakıda keçirilən Amerika-Rusiya yüksəksəviyyəli hərbi məsləhətləşmələri göstərə bilərik. Yaxud bir müddət əvvəl Bakıda baş tutan Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü də həm regional, həm də beynəlxalq sabitliyə müsbət təsir göstərə biləcək addımlardan idi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, buna qədər üçtərəfli görüşlər olurdu və görüşlər Xarici işlər nazirlikləri və digər nümayəndələr arasında həyata keçirilirdi: 

"Lakin son görüşdən sonra üçtərəfli format bir qədər dəyişdi. Əlaqələri inkişaf etdirmək üçün Cənub-Qərb nəqliyyat dəhlizi də olmalıdır. Hindistanın, hətta Vyetnamın bu bölgəyə marağı barədə fikirlər səsləndirilir. Artıq Bakı-Tbilisi-Qars dəmiryolu mövcuddur. Cənubi Avropadan Asiya bölgəsinə yüklərin daşınması daha az vaxtda aparıla bilər. Rəşt-Astara dəmiryolunun tikintisi barədə qərarlar verilib. Tikinti 3 ilə başa çatmalıdır. Qalan hissəsi tikiləndən sonra dəmiryolları şəbəkəsi yaradılacaq. Qərara gəldik ki, prosesin davam etməsi üçün hər il görüşək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, yeni dördtərəfli format sülh və sabitliyə töhfə verəcək:

"Yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir. Bu format sülh və sabitliyə töhfə verəcək. Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq. Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir. Bu format gələcək layihələr üçün önəmlidir”.

Görüşü şərh edən siyasi ekspert Arzu Nağıyev bildirib ki, Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördlük ittifaqı Rusiyanın özünə bir mesajdır. Xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə bir neçə istiqamətdən baxılmalı olduğunu qeyd edən politoloq deyib ki, nazirlərin Bakıya gəlməsi və dördlük platformanın yaranması Azərbaycanın nüfuzunu qaldırmağa, Azərbaycanın bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrdə iştirakına yol aça bilər: 

"Düşünürəm ki, Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə bir neçə istiqamətdən baxılmalıdır. Birinci istiqamət budur ki, artıq Ermənistanı təcrid etmək mexanizmi işlənib hazırlanır. Yəni əgər Cənubi Qafqazda belə bir dördlü platforma yaranırsa, demək, bunların arasında həm iqtisadi, həm siyasi, həm də mühüm əhəmiyyətli hərbi məsələlər də həll oluna bilər. Bütün bu istiqamətlərdə də artıq Ermənistanın təcrid olunması aydın məsələdir. Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin görüşünün siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan təcrid olunduğuna görə məhz Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində bir sıra addımlar atıla bilər. Dağlıq Qarabağ məsələsində hər hansı addımların atılması bu gün ən prioritet istiqamətlərdən biridir".

İsmayıl