M.Ə.Rəsulzadənin 31 mart matəm konfransı

Akif Aşırlı
Bir əsr əvvəl Azərbaycan xalqı yarası illərlə sağalmayan soyqırım acısı yaşadı. Bakıda və ətraf kəndlərdə, Şamaxıda, Qubada, Şirvan bölgəsində bolşevik cildinə bürünən erməni silahlıları sosial mənşəyinə, siyasi mövqeyinə və yaşına baxmayaraq Azərbaycan türk-müsəlman əhalisini qətl etməklə, xəyallarında yaşatdıqları "Böyük Ermənistan”ı qurmaq istədilər. 
Xalqın başına açılan bu müsibət, soyqırım siyasəti 23 ay yaşayan Azərbaycan milli qüvvələrinin hakimiyyəti dövründə daim xatırlandı, növbəti fəlakətlərin baş verməməsi üçün ciddi tədbirlər görüldü. O tədbirlərdən biri də 1919-cu ilin martın 31-nin Milli Matəm günü elan olunmasıdır. M.Ə.Rəsulzadənin sədarəti altında parlament binasında Bakının 32 məscid və təhkiyəsinin, müxtəlif siyasi qüvvələrin, fəhlələrin iştirakı ilə geniş konfrans keçirildi. Cənubi Azərbaycandan və Dağıstandan təşrif gətirən nümayəndələrin iştirak etdiyi konfransa 300 nümayəndə qatıldı, bir il əvvəl baş verən soyqırım barədə müzakirələr aparıldı. Azərbaycan Cümhuriyyəti ərazisində 31 martın Milli Matəm günü elan olunması barədə qərar qəbul olundu. Neft mədənlərində, fabrik və zavodlarda bir günlük tətil elan edilib, matəm tədbirlərinin keçirilməsi və koordinasiyası üçün komitə yaradıldı. Bakı həmin gün qara bayraqlara büründü. Şəhərin məscidlərində şəhidlərin ruhuna dualar oxunub, qəbiristanlıqda uyuyanların xatirəsi anıldı, məzarları ziyarət olundu. Bütün bu tədbirlərin yekunu "Təzə pir” məscidinin həyətində ictimaiyyət nümayəndələrinin, hökumət üzvlərinin, din xadimlərinin matəm mitinqi ilə tamamlandı.
Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinə böyük diqqətlə yanaşan və bu dövrün öyrənilməsi ilə bağlı bir neçə sərəncam imzalayan Heydər Əliyev 1998-ci ildə 31 martı Azərbaycanlıların soyqırımı günü kimi tarixiləşdirdi. Bu il isə prezident İlham Əliyev 31 mart soyqırımının 100 illiyinin keçirilməsi barədə sərəncam imzaladı. 2018-ci ili "Cümhuriyyət ili” elan edib. Dövlətçilik tarixinə sədaqət hissi bu tarixi sənədlərdən açıq-aydın göründü.
Əhəmiyyətini nəzərə alaraq M.Ə.Rəsulzadənin 31 mart soyqırımının Milli Matəm günü elan etməsiylə bağlı keçirdiyi konfransın materialını "Şərq”in oxucularına çatdırırıq.
Məhəmməd Əmin Rəsulzadənin iclası
Dün, martın 29-da parlaman binasında türk-əmələ konfransının seçildiyi tətil komitəsi tərəfindən dəvət edilmiş olan məhlə vəkillərinin iclası vaqe oldu. İclasda şəhərdə mövcud 32 məscid və təkiyədən nümayəndələr iştirak edirdilər. İclas 31 mart münasibətilə keçən 18 mart hadisə-ələməsini yad etməklə bu günü yad etmək məsələsi edilib. Zeyldəki qərar qəbul edilibdir:
Şəhərdə, mədənlərdə olduğu kibi səhər saat 6-dan tətil başlayıb, axşam saat 8-ə qədər davam edəcəkdir. Bütün dükan, bazar bağlanır, fəqət suçular, çörəkçilər, elektrik, aptek və xəstəxanə, telefon-teleqraf, poçta işləyəcəkdir. Bunlardan başqa ümuimi işlər saxlanılacaqdır. Hər məhəllənin öz məscidində cəzi qoyub, Quran oxunmaqla şühudanın ruhuna fatihə oxunacaqdır. Məclisi saat 2-yə qədər davam edib, ondan sonra hər məhəllənin camaatı öz nümayəndələri ilə bərabər "Təzəpir” məscidinə cəm olur. Burada da Quran oxunduqdan sonra camaat məscid həyatına cəm olur. Natiqlər tərəfindən tətil komitəsinin tərtib etmiş olduğu proqram üzrə nitqlər irad edib, mart hadisatı barədə məlumat veriləcəkdir, məclis xitam bulunacaqdır.
Məhəllələrdə asayiş və nizamı saxlamaq üçün hər məhəllə tərəfindən bir komitə intixab edilir ki, onlardan 2 nəfəri, birisi məsciddə qalıb, o biri isə Mərkəzi Tətil Komitəsi, Parlaman binasında olur. Hər nifaq vəsilə barəsində mərkəzə müraciət edilir. Və oradan təlimat alır. Komitənin qalan üzvləri isə səyyar üzvlər olub, məhəlləni gəzir, nizam və qaidəyə nəzarət edirlər. Mərkəzi Tətil Komitəsi və sair üzvlərə məxsus nişanlar olacaqdır. Mərkəzi Komitə üzvlərinin boyunlarında qara şallar, sinələrindən sola tərəf qara həmayıl olacaqdır. Məhəllə məscidlərinin və həmçinin "Təzəpir” məscidinin üzərində qara bayraqlar asılacaqdır.
Mart matəmi
Müsəlman əmələ və kəsibkarlar konfransı
1919 sənəsi mart ayının 28-ci günündə türk-ədəmi mərkəziyyət "Müsavat” firqəsinin mərkəzi bürosunun binasında Məhəmməd Əmin Rəsulzadə cənablarının təhti-rəyasətində 300 əmələ nümayəndələrinin iştirakilə bir konfrans məclis inqad etdi. Məclisdə əmələ nümayəndələrindən bəzi əsnaf nümayəndələri dəxi mövcud idi. Sədr cənabları məclisə daxil olar-olmaz ümumi alqışlarla qarşılandı.
Həzərat, bu gün bizi buraya toplayan məsələ mart matəmidir. Əlbəttə, bundan bir il əvvəli xatırlayırsınız. O zaman bizlər geniş bir salonda "İsmailiyyə” binasının işıqlı və havadar binasında toplanardıq. İndi bir darıcıq otaqlarda yığışmaq məcburiyyətindəyik. Əvət, yoldaşlar, mart hadisə-əmələsini xatırlamalıyız. O gün bizim həyatımızda əbədi, unudulmaz bir gündür. Bir millət şadlıq günlərini yadında saxladığı kimi matəm günlərini də unutmamalıdır.
O gün qətl, o öldürüş istəməyərək bizə, biz türklərə bağlanmış idi. O gün keçən martın 18-də, təzə təqvimdə martın 31-i deməkdir. Azərbaycan muxtariyyatı və azərbaycanlıların hürriyyətinin düşməni olanlar "Müsavat” namını dağıtaraq müsəlmanlara elan hərb eləmişlərdi. Fəqət, müsəlmanə elan hərb etmək "demokratiyanın” olmadığından başqa bir ünvan olamazdı. Bu ünvan da "Burjuaziya müsavat” ola bilirdi. Fəqət, onların ikiüzlülüklərini kim örtə bilərdi? "Müsavat”ın o günlərdəki tərz-hərəkəti sülhpərvərlik, ixtilaf istəmədiyi hansı bitərəf bir şəxsə məlum deyildi. Bunu qətnamələr, bəyannamələr və "Müsavat”ın natiqləri ilə isbat etmək mümkündür.
Fəqət, məsələ burada idi ki, Bakı Rusiyanın sosialistinə də, burjuaziyasına da, bolşevik-ələməsinə də lazım idi. Onun üçün azərbaycanlılara ancaq "xarabazar” verilə bilərdi. Bunu bizə bolşevik mətbuatı deyirdi.
İştə, mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xarabalıq vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalın qurban və şəhidləridir.
Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanınız bahasına alınan hürriyyətimizi, qanımızı tökməklə olsa da, mühafizə edəcəyik deməliyiz. (Alqışlar)
Bu xüsusda danışmaq istəyənlər söz alsınlar.
Zülfüqar - sədr cənablarının buyurduqları vəchlə biz bu möhtərəm şəhidlərin xatirəsi ilə onların faciəsi günü, dövrü səniyəsini matəm etməliyiz. Bu şəhid olanlar burjuaziya sinfindən olmayıb, Xaliq, Qara və Əhməd kimi öz əmələ yoldaşlarımızdır ki, ermənilər tərəfindən qətl edilmişlərdir. Bu şəhidlər 28 əmələ yoldaşlarımızdan ibarətdir ki, bunlar haqsız yerə qətl edilib, Məlikovun quyusuna doldurulmuşlardı. Bu şəhidlər o fəhlələr, qadın, ixtiyar, coluq və cocuqlardır ki, süngülənmiş, qətl edilmişlərdir. Onunçün həqiqətən bu matəm bir demokratiya matəmindən başqa bir şey deyildir. O gün bütün millətdaşlarımızın matəmində iştirak etməlidirlər.
Abasqulu Kazımzadə: - Bu gün buraya toplanmaqda məqsəd bir hadiseyi-ələmə və ikinci aşureyi dəraxtar etməkdir. Mən bir az bunun əsbab-mövcuyəsindən bəhs edəcəyəm. Gecə mart ayının 18-də Müsavat idarəsinə telefon ilə İmamverdi köprüsündə əsgərlərimizdən iyirmi altı kişinin mühasirə edilmiş olduğu - islah edilməkdə olduqları ətaliyi verildi. Müsavat oraya bu işləri əslah üçün göndərmiş olduğu məmurlar yollarda olan atışma dolayısıyla gedəmmədilər. Gecə saat 1-də bir çox təsbitdən sonra körpüyə getdik. Bir çox qonuşmadan sonra saat 5-də gecə atışmada əsgərlərimizdən 4 kişi öldürülmüş, orada alınan silahlar özümüzə iadə edilmədiyindən ayın 18-də biz əhali içərisindəki həyəcanı yatırtmaq, bu işi sülh ilə əncam vermək məqsədi ilə cəmiyyətin (Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti nəzərdə tutulur - A.A.) bürosuna topladıq. Bu xüsusda nə qədər təşəbbüs etdiksə də, bir taqım qara qüvvələri razı edəmədik. Bizim bəzi bolşevik sosialistlərimiz də iştirak etməklə daşnakların əskidən bəri qurmuş olduqları planları və oynamaq istədikləri rolları meydana çıxdı və dava başladı.
Fəqət, kimsə nə dava olduğunu biləməyirdi. Zahirdə burjuaziya müharibəsi naminə qətl edilən füqərayi-əmələ və kəndçilərimiz və şəhid olan əlsiz-ayaqsız coluq-cocuq, qadınlarımız bu davanın nə dava olduğunu yoldaşımız Zülfüqar da söylədiyi vəchlə hər kəs bilir. Şimdi isə biz heç bir kimsənin yaşamına müxalifət etməyiriz. Yalnız biz kəndi yaşamımızı təmin etmək arzusundayız. Bununla da yaşamağa haqqımız olduğunu bütün cahana isbat edirik və istiqlalımızın rəhni olan bu şəhidlərimizi unutmayıb bu ikinci Məhərrəm gününü, o gündə şəhid olanları xatiratımıza gətirməklə bir daha irəlidə millətimizin qoyun kibi boğazlanmasına meydan verməmək üçün gözümüzü açmalıyız. Martın 31-də edəcəyimiz matəm tətili bunun bir nümunəsini təşkil etməlidir. (Alqışlar)
Məhəmməd Əmin Rəsulzadə: - Mart faciə-ələməsinə səbəb bir çoxları, bir neçə nəfər əsgərimizin silah verməmiş olduqlarını göstərirlər. Halbuki bu işə ümdə səbəb müsəlmanların səbr kasasının son tamamilə daşmasıdır ki, müsəlmanlar da kəndilərini müdafiə etmək üçün silaha sarılır. Zira, hürriyyətin elanından sonra burada qurma bir əmələ şurası tərtib edildi. Müsəlmanlardan o şurada yalnız iki kişi var idi. Sonra bu şura fəhlə və əsgəri şurasına tədbil edildi. Bundan da bir nəticə çıxmadı. Yenə də qanun daxilində icra edilən intixablarda "Müsavat” cəmiyyəti 70 faiz nisbətdə səs aldı. Onun üçün bu, bir çoxlarının işlərinə gəlmədi. Bunu pozub özləri istədikləri adamlardan bir şura tərtib etdilər.
Burada əslisi kişi müsəlmanlar az idi. İştə, bu vəchlə sosialistlərin niqabı altında bir çox milli intriqalar aparılmaqda idi və bu adamlar uyumayıb, gecə və gündüz milli vəzifələrini ifa edirdilər. Məsəla, Astaradakı müsəlmanların Lənkərandakı millətdaşlarımızın və Qızıl Ağacdakı din qardaşlarımızın və bilaxirə, buradakı millətdaşlarımızın bir çox qanını tökmək və toplara hədəf etməkdə olan həmin sosialistlərin niqabı altında çalışmaqda olanlardır. Burada sosialistlər müsəlmanları Qırmızı Orduya əsgəri yapırdılar. "Müsavat”ın və müsəlmanların göndərmiş olduqları adamlara silah verməyənlərdir. Tiflisdən buraya gəlmiş olan (ştab) erkan-hərbiyyəmiz belə onların təhti və təcavüzlərinə məruz qaldı. Bunca ədavətpərvanə təsislər getdikcə müsəlmanları səbr və təhmüldən çıxardı. Şura Hökuməti müharibə edəndə, "Müsavat” cəmiyyəti bir çox bəyannamələr nəşr etmək və nəticədə bulunmaqla bu faciənin önünə bir sədd çəkmək etdisə də, mümkün olmadı. Burada yenə bolşevizm hərəkatı vardı. Bunlar yenə hüququmuzu məhv etmək üçün bir taqım intriqalardır. Bunlar həqiqi bolşevizm olsa idilər, bəlkə onlarla razı ola bilərdik.
Fəqət, hal bir minval ikən bizim müsəlmanlarımız bunlara aldanmasınlar. Bunlarla iqtisadi məsələlərdə iştirak etmək olar. Fəqət, siyasi işlərimizi kəndimiz öz əlimizə almalıyız. Zira, mart faciəsi bizə iyi bir dərs - ibrət olmuşdur. (Alqışlar)
(Davamı gələn sayımızda)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb