Təhqir, söyüş mübarizə yolu deyil

Bu insanların öz ətraflarında heç nüfuzu yoxdur
“Bəlkə ailə üzvləri də onların hansı yolla çörək pulu qazandıqlarını bilsələr, heç o çörəyi yeməzlər”


Avropa ölkələrinə "mühacir” adı ilə sığınan saxtakarlar son zamanlar internet vasitəsi ilə Azərbaycanın milli dəyərlərini aşağılamaqla məşğuldurlar. Xüsusən də Azərbayacanda hörmətli hökumət adamlarının özləri, ailələri haqqında iyrənc ifadələrdən istifadə etməkdədirlər. Avropadakı erməni havadarlarının göstərişi ilə oturub-duran bu 2-3 nəfər şəxs ən iyrənc ifadələri cəmiyyətə sırımaq istəyirlər.

Söyüş siyasəti aparmağı qarşılarına məqsəd qoyan bu insanların təbii ki, nə dəstəkçisi var, nə də tərəfdarları. Çünki Azərbaycan xalqı müdrik xalq olaraq, mədəni cəmiyyət olaraq söyüşü, tərbiyəsizliyi qəbul etmir. Belə bir misal var, "milçək bir şey deyil, amma könül bulandırır”. Onların da söyüşləri, təhqirli siyasi gedişləri könül bulandırmaqdan başqa bir şey deyil. Azərbaycanda fəaliyyət göstərən müxalif dairələri təmsil edən şəxslər də bunların təhqirlərini qeyri-etik sayır, qəbul etmirlər.

Məsələn, müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Oruclu deyir ki, etik baxımdan söyüş qəbuledilməzdir: 

"Siyasi mübarizə mərd-mərdanə, kişi kimi aparılmalıdır. Amma təəssüflər olsun ki, son zamanlar söyüşü, təhqiri, alçaltmaları mübarizə metodu kimi istifadə edənlərin sayı artmaqdadır. Bu hal təkcə tərbiyə, mənəviyyat və əxlaq problemi deyil, həm də psixoloji problemdir. Mübarizənin də əxlaqi normaları və qaydaları var. Siyasətlə məşğul olanlar hər cür yüksək parametrlərinə görə seçilməli, etalon olmalıdırlar.

 Ola bilsin, kimlərsə öz səviyyəsinə uyğun olaraq qeyri-standart yolu seçib. Amma bu heç də o demək deyil ki, eyni üslubda cavab verilsin. Bütün cəmiyyətlərdə, ən demokratik ölkələrdə belə müəyyən problemlər, həllini gözləyən çətinliklər var. Mitinqlər, aksiyalar da ona görə lazımdır ki, insanlar problemlərini qaldırsınlar, dərdlərini desinlər. 

Yəni dünyada bu belədir. Özünə ən demokratik ölkə deyən ABŞ-da və yaxud da Almaniyada etiraz aksiyaları keçirilir. Biz görürük, maaşlarla bağlı, iş saatları ilə əlaqəli tətillər, nümayişlər olur. Amma orda söyüşdən, qeyri-mədəni etiraz formasından istifadə edilirmi? 

Əlbəttə ki, yox. Bəs sığındıqları demokratik ölkələrdə, "mühacirəm” deyənlər niyə aksiyaları söyüşlə keçirirlər? Və yaxud burda aksiya keçirməyən insanları söyürlər? Və yaxud da, aksiya keçirəndə, məmur olsun, deputat olsun, niyə onları təhqir edirlər? Mübarizə aparmaq başqa, söyüş söymək isə başqadır. Mübarizəni söyüş müstəvisi ilə aparmağı düşünənlər yanılırlar. 

Bu, mübarizə yox, cılızlıqdır. Biz də Azərbaycan olaraq dünyanın bir parçasıyıq. Mitinq də etmək olar, etirazı da bildirmək mümkündür. Kütləvi aksiyaları keçirmək üçün xeyli vaxt və böyük zəhmət, inandırma tələb edir. Yoxsa yuxudan durar-durmaz mitinq elan edib, sonra da söyüşlə, təqhirlə mitinqə insanları gətirmək əsla mümkün deyil. O söyüş söyənlər bilməlidirlər ki, söyüşün də iki başı, iki tərəfi olur. Eyni qayda ilə də cavab verilə bilər və verilir də. 

Sosial şəbəkələrdən söyüşlər yağdıranların hamısı psevdoadlarla gizlənmiş cəmiyyət üçün yaramaz insanlardır. İnanıram ki, bu cür xoşagəlməz tendensiyalar tezliklə aradan qaldırılacaq. Həmin şəxslər də öz məsuliyyətlərini dərk edəcəklər”.

Deputat Musa Quliyev deyir ki, bunların mübarizə yolları təhqirdir, söyüşdür və qarğışdır: 

"İndiki XXI əsrdə bütün bunlardan istifadə etmək nəinki bir siyasi əxlaqa, ümumiyyətlə, mədəni əxlaqa sığmayan məsələlərdir. Heç şübhəsiz ki, bu insanların öz ətraflarında nüfuzları yoxdur. Hətta bəlkə ailə üzvləri də onların hansı yolla çörək pulu qazandıqlarını bilsələr, heç o çörəyi yeməzlər. Hesab edirəm ki, onların Azərbaycan dövlətinə qarşı bu mövqe tutması ilk növbədə onların milli naqisliyindən və mənəvi kasıblığından irəli gəlir. 

Digər tərəfdən, görünür, bu insanlarda şərəf, ləyaqət anlayışları tam deformasiya olunmuş bir şəkildədir. Bu gün Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır. Dövlətçiliyimiz möhkəmlənir, gündən-günə yüksəlir, iqtisadiyyatımız getdikcə artır, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir və s. 

Belə bir dövrdə özünü azərbaycanlı sayan insanların bu cür iyrənc yol tutması çox böyük bir naqislikdir və şərəfsizlikdir. Biz heç o insanlarsa önəm də verməli deyilik. Son dövrlərdə sosial şəbəkələrdə, bəzi saytlarda Azərbaycanın rəhbər şəxslərinə, onların ailə üzvlərinə, millət vəkillərinə, hörmətli ziyalılarımıza qarşı təhqirlər var. Təbii ki, bunlar müxtəlif Azərbaycana düşmən qüvvələrin təhriki, onların maliyyəsi ilə həyata keçirilib. Bax, bunlara qarşı mübarizə aparılmalıdır. Biz cəmiyyət, fərd olaraq da onlara öz sözümüzü deməliyik. 

Hesab edirəm ki, dövlətin də müvafiq qurumları bu insanların qanun qarşısında cavab vermələri üçün tədbirlər görməlidir. Təhqir də bir cinayətdir və cinayətə görə də hər kəs cavab verməlidir. İkincisi, düşünürəm ki, dövlətin müvafiq qurumları tərəfindən sosial şəbəkələrə nəzarət artırılmalıdır. Azərbaycan xalqı ağı-qaradan çoxdan seçib. Xalq özünün liderini seçir və dəstəkləyir. Yaxın günlərdə ölkəmizdə keçiriləcək prezident seçkilərində də Azərbaycan xalqı öz sözünü deyəcək. Bu söz də həmin anti-azərbaycan qüvvələrinə ölüm hökmü olacaqdır”.

Anar