Bakıdakı Bahar yarmarkası nə vaxt başa çatacaq?

Novruz bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli nöqtədə təşkil olunan “Kənddən Şəhərə” Bahar yarmarkaları martın 19-da başa çatacaq.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Mais Musayev Lent.az -a bildirib ki, yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 200-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının münasib qiymətlərlə satışını həyata keçirir.

O bildirib ki, yarmarkaların təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə ödəmək, bazarlarda yarana biləcək süni qiymət artımının qarşısını almaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkada iştirak tamamilə ödənişsizdir. Fermerlərin yarmarkada iştirakı üçün ehtiyacı olanlara loqistika dəstəyi göstərilir. Yarmarkada qiymətlər fermerlər tərəfindən təyin edilir. Fermerlərin təyin etdiyi qiymətlər digər topdansatış məntəqələrindəki qiymətlərlə müqayisədə xeyli münasibdir”.

REKLAM

www.facebook.com

Daha ətraflı

O qeyd edib ki, koronavirus təhlükəsi ilə bağlı olaraq, hər gün bir neçə dəfə fermerlərin temperaturu ölüçülür, mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir: “Koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Mütəmadi olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Təkcə yarmarkaların keçirildiyi məkanlar deyil, Aqrar Tədarük və Təchizat ASC-nin bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.”

Xatırladaq ki, “Kənddən Şəhərə” Bahar yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Yarmarkalar aşağıdakı ünvanları əhatə edir:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)