Kişilərin öpüşməsinə qadağa mümkündürmü? - Hüquqşünasdan izah 


Tural Hüseynov: “Bu qanunla deyil,  yalnız ictimai fikrin formalaşdırılması ilə mümkündür”


“Öpüşmə halında koronavirusun digər şəxsə ötürülməsi ehtimalı yüksəkdir” 
Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Tural Hüseynov deyib. 
Vəkil bildirib ki, kişilər arasında adi hala çevrilmiş bu vərdiş öz-özlüyündə çox lazımsız bir adətdir və heç də xoş təsir bağışlamır.
Lakin ekspert hesab edir ki, bu məsələdə qadağanı hansısa inzibati tədbirlərlə deyil, daha çox ictimai fikir formalaşdırmaqla etmək daha məqsədəmüvafiq olar: 




“Azərbaycan Respublikası Konstitusiyasında və İnsan hüquqları haqqında beynəlxalq qanunvericilik aktlarında insanların hüquq və azadlıqları müəyyən olunub. Bu hüquqların bəziləri müəyyən yaşdan sonra əmələ gəlir. Məsələn, seçki hüququ və s. Eləcə də bəzi hüquqlar insanların tutduğu vəzifə ilə məhdudlaşa bilər. Sadaladıqlarımızla bərabər insanların doğuşu zamanı əmələ gələn və ölənədək malik olduqları hüquq və azadlıqları da mövcuddur. Həmin hüquq və azadlıqlarla bərabər müvafiq qanunvericilik normalarında nəzərdə tutulmuş və cəza təhdidi ilə qadağan edilmiş davranış formaları da var. Bu davranışlar mövcud ictimai münasibətlərə qəsd edərək, digər şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırır. Bu səbəbdən müvafiq qanunvericilik aktlarında həmin hərəkətlərin törədilməsi halına uyğun olaraq cəza tədbirləri nəzərdə tutulur. Eyni zamanda hökümət və qeyri-hökumət təşkilatlarında etik davranış qaydaları müəyyən edilir. Həmin qaydalar müvafiq təşkilatın işçisinə münasibtdə qüvvədə olur və işçi üçün əsasən müəssisə daxilində məcburi davranış forması müəyyən edir”. 

T.Hüseynovun sözlərinə görə, sözügedən mövzu isə sırf insanların şəxsi həyatı ilə bağlıdır: 

“Yəni hər kəs işdən kənar şəxsi həyatında tanıdığı bir şəxslə görüşmək qaydasını sərbəst şəkildə müəyyən edə bilər. Bu, hər hansı təşkilatın işçisi kimi onun davranış qaydasını müəyyən edən hallara aid olmadığından və ictimai münasibətlərə qəsd nəzərdə tutmadığından burada etik davranış qaydasının və ya ümumməcburi bir davranış qaydasının müəyyən edilməsi mümkün deyil. Bu məsələnin həlli yalnız ictimai fikrin formalaşdırılması ilə mümkündür. Parlamentin vitse-spikeri Adil Əliyevin də mövqeyi məhz bu yöndədir. Adil müəllim də kişilərin görüşərkən bir-biri öpüşməsi halına müsbət yanaşmır. Ona görə də fürsətdən istifadə edərək parlamentin iclasında kişilərə çağırış etdi ki, bu “pis” vərdişdən çəksinlər”.