Çiyələk, yoxsa zəhər tuluğu...?! – Təşkilat sədri dəhşətli foto yaydı

Eyyub Hüseynov: “AQTA qidaların təhlükəsizliyinə nəzarət edir, qidaların keyfiyyətinə nəzarət edən qurum isə faktiki olaraq yoxdur”

 
Çiyələk mövsümü yaxınlaşır. Fəqət sosial şəbəkələrdə yayılan müəyyən görüntülərdən sonra bəzi insanlar artıq çiyələk yeməməyə söz veriblər. Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov regionlarda çiyələk yetişdirilən bir tarladan foto yayıb.



Görüntüdən aydın olur ki, yetişdirilən məhsullara kimyəvi dərmanlar vurulur.

Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədilə E.Hüseynovun özü ilə əlaqə saxladıq. O  “Sherg.az”a açıqlamasında bunun kapitalizmin tələbi olduğunu dedi: 

“Bəli, o fotonu mən çəkib, paylaşmışam. Təəssüflə deməliyəm ki, bu, reallıqdır. AQTA qidaların təhlükəsizliyinə nəzarət edir, qidaların keyfiyyətinə nəzarət edən qurum isə faktiki olaraq yoxdur. Əlbəttə, yetişdirilən qidalarda kimyəvi məhsullardan istifadə etmək orqanizm üçün ziyanlıdır.

Amma bazar iqtisadiyyatında başqa cür mübarizə aparmaq mümkün deyil. Əgər alıcının diqqətini çəkmək istəyirsənsə, bu vasitədən istifadə etməlisən”.