Niyə insanlar öz evinə çəkilir, bayramlar unudulur? - Sosioloq danışır


Bahar bayramı artıq geridə qalsa da, necə gəlib,  keçdiyini, demək olar, hiss etmədik. Tək- tük məhəllələrdə tonqal qalandı, qapı pusuldu, papaq atıldı... Heç səməni alan da olmadı. Səmənilər mağazalarda, bazarlardakı piştaxta arxasında qalıb saraldılar. 

  Artıq illərdir, Novruz adət- ənənələrinin unudulduğunu görürük. Deməli, gələcəkdə bayramın adını belə, xatırlayan olmayacaq.

Məsələ ilə bağlı "Sherg.az"-a danışan sosioloq Sahib Altay düşünür ki, bu, mövcud vəziyyətlə   əlaqədardır:

"İnsanlar arasında soyuqlaşmanın müşahidə olunması ilk növbədə iqtisadi və sosial quruluşla bağlıdır. Dövr dəyişdikcə tələblər də fərqli olur. Ona görə də orta və yaşlı nəsil nümayəndələri indi psixoloji travma yaşayırlar. Çünki onların gənclik zamanında quruluşlar fərqli idi. Keçən əsrdə ictimai sosiallıq var idi. İnsanlar sahib olduqlarını bölüşürdülər. İndi isə uşaqlar assosial böyüyür. İctimai sosiallıq ictimai fərdiçiliklə əvəz olunub". 

  S. Altayın fikrincə, insanlar arasında sosiallıq tələbatla, asılılıqla bağlıdır:

"İndi insanlar müstəqildirlər. Sosial- iqtisadi cəhətdən heç kim heç kimdən asılı deyil. Halbuki hər birimizi birləşdirən sosial-iqtisadi asılılıqdır. Hətta "dostluq", "sevgi" adlandırdığımız şəxsi münasibətləri belə, bioloji, sosiloloji, psixoloji, bir sözlə, mənəvi tələbatların ödənməsi üçün qururuq. Əgər tələbatlar olmasa insanlar şəxsi münasibətlərə də ehtiyac hiss etməyəcək".

  Sosioloqun sözlərinə görə, assosiallıqdan xilas olmaq o qədər də asan deyil:

"Dediyim kimi, bu, dövrün tələbdir. Təkcə bizdə yox, bütün dünyada müşahidə olunan tendensiyadır. Kuba, Çin kimi ölkələr sosializmlə kapitalizmin birləşməsindən yeni bir cərəyan yaratmaq istəyirlər. Təqdir edirəm. Amma sona kimi effekt verəcəyini düşünmürəm. Mənə elə gəlir ki, yeni elmi nəzəriyyələr, sosial və iqtisadi modellər ortaya qoyulmalıdır". 

 Kənan Novruzov