“Virusa qarşı tədbirlər görülür, sosial müdafiə gücləndirilir” – Komitə sədri

Musa Quliyev: “Pandemiya dövründə ən optimal mübarizə yolu sosial təcriddir və bu üsul özünü doğruldur”



Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları artır. Aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb. İnfeksiyaya yoluxma hallarının artması ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülməkdə, həqiqəti əks etdirməyən informasiyalar yayılmaqdadır. Halbuki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Məlum olduğu kimi ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı. Həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. 
Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. 
Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır. 

Məsələni "Sherg.az"a dəyərləndirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirus pandemiyasına qarşı mübarizə aparan ən uğurlu ölkələr siyahısına aid edib. Deputatın sözlərinə görə, əvvəlcə dünyadakı mənzərəyə nəzər salmaq, ondan sonra Azərbaycandakı vəziyyətə baxmaq lazımdır: 

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycan Prezidentinə təşəkkür məktubu göndərib. Çünki Azərbaycan höküməti pandemiya söhbəti ortaya çıxandan etibarən ciddi tədbirlər görür və görməkdə davam edir. Görülən bütün işlər hər gün ictimaiyyətə çatdırılır. Bütün tədbirlər kompleks şəkildə və ardıcıl həyata keçirilir. Burada söhbət təkcə pandemiyanın qarşısının alınmasından getmir. Paralel olaraq sosial müdafiə tədbirləri də həyata keçirilir. Bu gündən başlayaraq, çox sərt karantin rejiminə keçmişik. 2 həftədən sonra bu rejim öz müsbət nəticələrini verəcək".

Millət vəkili təəssüflə qeyd edib ki, martın əvvəllərindən vətəndaşlarımızın reaksiyası problemə adekvat olmayıb: 

"Problemin bir tərəfi məlumatsız olmaqla bağlı idisə, digər tərəfi isə sosial şəbəkələrdə yayılan dezinformasiyalarla bağlı idi. Bəziləri deyirdi ki, virus boş şeydir və onun haqqında deyilənlər şişirdilir. Anma şükürlər olsun ki, son həftədə vətəndaşlarımızda ciddi münasibət formalaşmaqdadır. Artıq küçələrdə parklarda nəinki insan topluluqları, ümumiyyətlə adam görmürük".

M.Quliyev bildirib ki, pandemiya dövründə ən optimal mübarizə yolu sosial təcriddir və bu üsul özünü doğruldur: 

"Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdikdən sonra ilk tövsiyyəsi ondan ibarət oldu ki, insanlar sosial izolyasiya şəraitinə keçsinlər. Bu da Azərbaycanda ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanda karantin rejiminə qəfil keçilmədi. Çünki insanları ən azından psixoloji cəhətdən buna hazırlamaq lazım idi. Ona görə də məhdudiyyətlər tədricən həyata keçirildi. Azərbaycanda yoluxanların sayının artması reallıqdır. Amma bu reallıq virusun təbii xarakterinə uyğun bir reallıqdır. Əgər indi say artmasaydı, təşviş keçirərdik ki, deməli, bu proses sonraya qaldı. Virusun yayılmasının pik nöqtəsi var, ondan sonra eniş başlayır. Düşünürəm ki, həm Azərbaycanda, həm də regionda bu proses aprel ayı ərzində olacaq. Bizim səhiyyəmiz, tibb sektorumuz baş verənlərə tam hazırdır".