Təkcə tarix öyrətmədilər, özləri də tarix yazdılar

Müəllimlərin Vətən müharibəsində savaşa atılması çox qürurvericidir

"Gələcək nəsillərə tarix müəllimlərimiz həm sözləri, həm də əməlləri ilə bir nümunə oldular"

Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş qələbə Azərbaycanı dünya dövlətləri arasında nüfuzunu yüksəltdi. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu. Tarix kitablarımıza acı bir tarix kimi yazılmış ərazilərimizin işğal tarixləri artıq yadelli əsarətindən torpaqlarımızın şərəflə azad olunma tarixi kimi qızıl hərflərlə yazılacaq.

Vətən müharibəsinə vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımız yollandı. Onlar arasında dünənə qədər yazılan tarixi şagirdlərinə tədris edənlər də var idi. Azərbaycan müəllimləri Vətən müharibəsindən üzüağ, başıuca çıxdı. Həm özləri şəhidlik zirvəsinə ucaldı, həm də düşmənə layiqli dərs keçdilər.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, Vətən müharibəsində daha çox müəllimlərin döyüşə can atması çox qürurverici idi. O bildirib ki, xüsusən də tarix müəllimlərinin müharibədə iştirakının çox mühüm əhəmiyyəti var idi:

"Digər peşə sahibləri ilə müqayisə etsək, əlbəttə, onların vətən tarixini, millətin tarixini bilmələri müəyyən dərəcədə burada özünü göstərirdi. Müəllimlərimiz orta və ali məktəblərdə vətənimizlə, millətimizlə bağlı bütün tarixi məlumatları dərindən bilməklə yanaşı, müharibədə özləri də iştirak etməklə tarix yazdılar.

Şagirdlərə, tələbələrə tarixi öyrətmək, vətən və millət sevgisini aşılamaq çox mühümdür.  Azərbaycan xalqının tarixinin doğru, düzgün və milli ruhda çatdırılması mühüm əhəmiyyətə malikdir.

Əslində milli ruhlu tarix deyərkən, bəziləri  bunu yanlış anlaya bilər. Milli ruhlu tarix o demək deyil ki, burada subyektivliyə yol verilir. Əksinə, burada millətimizin min illər boyu yaratdığı dövlətçilik ənənələrini və Vətən tarixini daha milli ruhda aşılanması nəzərdə tutulur. Çünki mühüm anda onlar vətənin, millətin keşiyində dayanmalıdırlar. Bu anlamda tarix müəllimləri necə ki, sözləri ilə şagirdlərimizi milli ruhda silahlandırırlar, eyni zamanda vacib məqam gələndə özləri də əllərinə silah alaraq tarix yaradırlar. Yəni bir var tarixi yazmaq, bir də var yaratmaq. Bu döyüşdə tarix müəllimlərimiz də canla-başla düşmənlərlə vuruşdular. Onlar arasında təbii ki, şəhidlərimiz və qazilərimiz də oldu". 

Alim hesab edir ki, məhz bu cür şəhidlərimizə və qazilərimizə xüsusi dəyər verilməlidir:

"Çünki onlar təkcə tarixi öyrətmədilər, eyni zamanda tarixi canları, qanları bahasına yazdılar. Şuşanın, Zəngilanın, Qubadlının, Cəbrayılın simasında və digər işğaldan azad olunmuş bütün rayonlarımızın, obalarımızın tarixini məhz onlar yaratdılar. Beləliklə, gələcək nəsillərə tarix müəllimlərimiz həm sözləri, həm də əməlləri ilə bir nümunə oldular. Onların xatirələri bütün şəhidlərimiz kimi əbədi olaraq xatirələrimizdə, şüurumuzda, tariximizdə yaşayacaqlar".