Təklif dəstəkləndi: “Orduda mobil telefonlar yığışdırılsın!” - Hərbi sirr yayılır ! 

Jalə Mütəllibova: “Xidmətdə olanların ailələri ilə  ünsiyyət üçün başqa format düşünülsün”


Emin Həsənli: “Hərbi sirr sayılan videoların yayılmasının qarşısını mütləq şəkildə almalıyıq”


Tanınmış jurnalist Jalə Mütəllibova “Facebook” hesabında milli maraq və təhlükəsizliyimizin, hərbi sirrin qorunmasına dair mühüm təkliflə çıxış edib. Həmkarımız qeyd edib ki, iğaldan azad edilmiş ərazilərdə xidmətdə olan hər kəsdən telefonlar yığışdırılsın. Telefonu olan adamlar da siyahılaşdırılsın:



“Xidmətdə olanların ailələri ilə  ünsiyyət üçün başqa format düşünülsün.  Ordunun “imaj”ı hər gün bir az biabır edilir. Müharibədə hər şey mübah idi. Hərb bitdi. Anlamaq lazım, siyasətdə çox şey günah və əks arqumentdir. O zabitin erməniyə elədiyi və  yayılan video, olmamalıydı. Daha çox sülhməramlıları bura tökmək üçün ciddi əsasdır bu. Əsgərləri, zabitləri həm də siyasi təlimatlandırın". 

 Qeyd edək ki, sosial medianın həyatımızdakı  rolu danılmazdır.  İnsanlar əlinə nə keçsə, sosial platformada paylaşır və bunun mənfi tərəflərini düşünmürlər. Son bir neçə aydır ki, ölkə olaraq həssas dönəmdən keçirik. Vətəndaşların da buna diqqət etməsi vacib məqamlardandır. Müharibənin ilk günlərində dəfələrlə qeyd olundu ki,  hərbçilərimizin video və şəkillərini sosial mediada yaymaq olmaz.

Çünki bu birbaşa onların həyatına təhlükə yaradır. Həmçinin, həmin məlumatlar hərbi sirr təşkil etdiyi  üçün onların yayılmasına şərait yaratmaq kimi  hallar qanuna ziddir.  Müharibə bitsə də, təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.



 Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli  məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında bildirib ki,  digər ölkələrin ordusu ilə müqayisədə Azərbaycanda bu cür hallar-görüntülərin yayılması və s. minimum dərəcədədir: 

 “Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilər və əsgərlər arasında maarifləndirmə işlərini aparmaq üçün burada xüsusi idarə və maarifləndirici şəxslər var. İdeoloji baxımdan orduda müəyyən işlər görülməkdədir. Lakin onu da  qeyd etmək lazımdır ki, hərbçilər də bir insandır. Onlar gərgin döyüş şəraitində olublar və bu müharibədə öz silah dostlarını, döyüş yoldaşlarını itiriblər. Məsələyə bu tərəfdən baxanda hərbçilərimizin emosional davranışları o qədər də qəbahətli görünmür.

Çox ağır bir dönəmdən keçdik. Bütün Azərbaycan xalqı bunu hiss etdi. Ermənistan öz çirkin əməllərininə davam  edərək bizə qarşı müxtəlif terror aktları həyata keçirdi.

Vətəndaşlarımız,o cümlədən Orduda xidmət göstərən insanlar dəhşətli anlara şahidlik etdilər.  Emosialarımızı boğmağımızın mümkünsüzlüyü də bundan irəli gəlir. 

Biz o qədər məkrli,hiyləgər düşmənlə üz-üzəyik ki, necə hərəkət etməyimizdən asılı olmayaraq,onlar hər cür özlərini haqlı çıxarmağa çalışırlar. Ona görə də bu tipli videoların yayılmasının qarşısını mütləq şəkildə almalıyıq. 

 E.Həsənli hərbçilərin telefonlarının əlindən alınması məsələsinə də toxunub:

 “Bütün hərbi qulluqçuların telefonlarını yığmaq indiki halda mümkünsüzdür. Nəzərə alsaq ki, döyüş bitib və əsgərlərimizin müxtəlif ərazilərdə, həmçinin işğaldan azad olunmuş torpaqlarda möhkəmlənmə işləri aparırlar, bu da həmin təklifi reallaşdırmağı nisbətən çətinləşdirir.

Lakin həmin halları aradan qaldırmaq üçün ilk növbədə sosial şəbəkələrdə paylaşım edən vətəndaşlarımız daha diqqətli olmalıdır. Bu məlumatları yaymaq qadağandır. Çünki onlar da hərbi sirr sayılır”. 

Aytac Ali